
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 fevral 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qarşılandı. Bu nüfuzlu mükafatın əsas məqsədi xalqlar, dinlər və mədəniyyətlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və sülhün təşviq olunmasıdır. Mərasimdə səsləndirilən fikirlər də məhz bu ali dəyərlər ətrafında formalaşdı.
Bəzən bir mükafat təkcə bir şəxsə verilən təltif olmur. O, bütöv bir yolun, uzun illərin zəhmətinin, çətin qərarların və böyük məsuliyyətin beynəlxalq miqyasda tanınması olur. Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz belə hadisələrdəndir.
Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi beynəlxalq ictimaiyyətin onun sülhə aparan çətin, lakin prinsipial yolunu gördüyünü və dəyərləndirdiyini göstərir. Uzun illər davam etmiş münaqişənin sona çatdırılması, yeni regional reallığın formalaşdırılması və bundan sonra sülh gündəliyinin irəli sürülməsi asan qərarlar deyildi. Bu yol cəsarət, siyasi iradə və gələcəyi düşünən baxış tələb edirdi. Bu gün Azərbaycan təkcə münaqişədən çıxmış ölkə deyil. Azərbaycan artıq sülh təklif edən, dialoqa çağıran və sabitlik istəyən dövlətdir. Bu mövqenin arxasında isə ardıcıl siyasət və şəxsi məsuliyyət dayanır. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu məsuliyyətin, bu yanaşmanın beynəlxalq miqyasda qəbul olunduğunu göstərir.Bu təltif həm də Prezident İlham Əliyevin lider kimi fərqləndirici cəhətlərinə işıq salır. Onun diplomatik təmkinini, prinsipial mövqeyini və ən mürəkkəb məsələlərdə belə emosiyaya deyil, rasional qərarlara üstünlük verməsini beynəlxalq aləm artıq yaxından tanıyır.
Möhtərəm Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın adını daşıdığı dəyərlərin bu gün xüsusilə актuallıq qazandığını qeyd edərək, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın insanpərvərlik, mərhəmət və birlik ideyalarının bütün dünyaya nümunə olduğunu bildirdi. O, bu mükafatın yalnız bir təltif deyil, eyni zamanda dövlətlər və xalqlar üçün mənəvi çağırış olduğunu ifadə etdi.
Sonda cənab İlham Əliyev beynəlxalq ictimaiyyəti sülhün möhkəmləndirilməsi, insan ləyaqətinin qorunması və ortaq dəyərlər ətrafında birləşmək istiqamətində daha fəal əməkdaşlığa çağırdı. Onun çıxışı bir daha göstərdi ki, insan qardaşlığı ideyası yalnız şüar deyil, ardıcıl siyasət və real addımlarla həyata keçirilə bilən ümumbəşəri məqsəddir.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



