AnalitikaGündəmSiyasət

Ölkəmiz regionda sülh və əməkdaşlıq naminə atdığı addımları bir daha nümayiş etdirdi

Martın 12-də Bakıda, “Gülüstan” sarayında keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi gündəmdə duran ən aktual məsələlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrildi. Cənab Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edərək qlobal təhlükəsizlik, regional sülh, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi vacib mövzulara toxundu. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın mövqeyini ifadə etmədi, həm də müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərlə bağlı mühüm siyasi mesajlar verdi.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər fonunda sabitlik və təhlükəsizlik məsələləri dövlətlərin gündəliyində əsas yer tutur. Bu fikirlər İlham Əliyev tərəfindən XIII Qlobal Bakı Forumu çərçivəsində səsləndirilən çıxışda xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik.

Prezident çıxışında vurğulayıb ki, qlobal təhlükəsizlik yalnız ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində təmin oluna bilər. O qeyd edib ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq fikir ayrılıqlarının aradan qaldırılmasında mühüm rol oynayır. Dövlət başçısı əlavə edib ki, mövcud çağırışlar qarşısında ölkələr arasında etimadın gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vacibdir.

Forumun əhəmiyyətindən danışan cənab Prezident İlham Əliyev bildirdi ki, bu tədbir artıq qlobal miqyasda böyük nüfuz qazanıb: “Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir və qlobal səviyyədə aparıcı beynəlxalq forumlarla eyni səviyyədədir”. Dövlət başçısı qeyd etdi ki, forum yalnız siyasi müzakirə platforması deyil, eyni zamanda qlobal problemlərin həlli üçün fikir mübadiləsinin aparıldığı mühüm mərkəzdir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gəlmiş dövlət və hökumət rəhbərləri, diplomatlar, ictimai xadimlər və ekspertlər burada bir araya gələrək dünya üçün əhəmiyyətli ideyalar irəli sürürlər. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi diplomatik platforma siyasətinin mühüm nəticələrindən biridir. Qlobal Bakı Forumu vasitəsilə Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da gücləndirir.

Beləliklə, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər Azərbaycanın regionda sülh və əməkdaşlıq naminə atdığı addımları bir daha nümayiş etdirdi. Prezidentin vurğuladığı kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra sülh gündəliyini irəli sürərək bölgədə yeni və daha sabit bir gələcəyin formalaşmasına çalışır.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button