
Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezidentin bu ölkəyə səfəri, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası ikitərəfli münasibətlərdə dönüş nöqtəsi hesab oluna bilər. Toplantının Serbiyanın Dövlətçilik Gününə təsadüf etməsi bu baxımdan rəmzi xarakter daşıyır.
Qlobal siyasətdə çoxtərəfli münasibətlərin ön plana çıxdığı bir dövrdə Azərbaycan-Serbiya əlaqələrinin daha da inkişaf etməsi üçün real potensial mövcuddur. Görünən odur ki, hər iki tərəf bu istiqamətdə artıq sistemli şəkildə çalışır və yaxın illərdə münasibətlərin daha yüksək səviyyəyə qalxması mümkündür.
Azərbaycan-Serbiya münasibətləri yalnız son səfərlə başlamayıb. Azərbaycan və Serbiya arasında əlaqələr onillərdir formalaşıb və mövcud çətinliklərə baxmayaraq, inkişaf edən xətt üzrə davam edib. Hesab edirəm ki, yaxın perspektivdə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələ bilər. Bunun əsas səbəbi hər iki ölkənin yerləşdiyi coğrafi mövqe və qarşılaşdığı geosiyasi çağırışlardır.
Ölkələrimiz arasında münasibətlərin bugünkü mərhələsi, sadəcə siyasi dialoqun fəallaşması ilə məhdudlaşmır. Bu əməkdaşlıq artıq institusional əsaslar üzərində qurulan strateji tərəfdaşlıq formatına keçib. Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri, səfər çərçivəsində prezidentlər İlham Əliyev və Aleksandar Vuçiçin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi Bakı ilə Belqrad arasında münasibətlərin sistemli koordinasiya mərhələsinə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi.
Strateji Tərəfdaşlıq Şurasının yaradılması ikitərəfli əlaqələrə daimi mexanizm qazandırır. Bu mexanizm nəticəsində razılaşmaların icrasına nəzarət, prioritetlərin uzlaşdırılması və əməkdaşlığın real məzmunla doldurulması üçün konkret platforma formalaşır. Qlobal qeyri-sabitlik fonunda orta gücə malik dövlətlərin etibarlı tərəfdaşlıqlara ehtiyac duyduğu bir dövrdə bu cür formatlar xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycan və Serbiya arasında qarşılıqlı münasibətlər bir neçə əsas istiqamət üzrə inkişaf edir. İlk növbədə siyasi ölçü diqqət çəkir. Bakı və Belqrad suverenlik və ərazi bütövlüyü prinsiplərinə ardıcıl sadiqlik nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində bu, artıq sıradan yanaşma deyil — selektiv hüquq tətbiqinin geniş yayıldığı şəraitdə belə mövqelər xüsusi siyasi çəkidədir. Azərbaycan və Serbiya arasında formalaşan qarşılıqlı etimad məhz bu prinsiplər üzərində qurulur.
Beləliklə, Bakı ilə Belqrad arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də Cənubi Qafqaz–Balkan xəttində sabitlik, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün yeni platforma kimi çıxış edir. Bu kontekstdə hər iki ölkənin gələcək üçün birgə açıq planları var. Prezident İlham Əliyev də qeyd etdi ki, “Məqsəd həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



