
Azərbaycan və Özbəkistan tarixən ortaq mədəni köklərə, dinə və dilə və malik olan iki dost və qardaş ölkə kimi regionda mühüm siyasi, iqtisadi və geosiyasi güc mərkəzlərinə çevrilmişdir. Bu yaxınlıq və qarşılıqlı etimad XXI əsrdə dövlətlərarası əlaqələrin sürətlə inkişafı üçün möhkəm zəmin yaradaraq, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini təmin etmişdir. Son illər Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi ikitərəfli münasibətlərə yeni məzmun və dinamika gətirmiş, hər iki ölkə regionda sabitlik, təhlükəsizlik və inkişaf naminə ortaq mövqedən çıxış etməyə başlamışdır.
Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən tarixi-mədəni bağlılıq dövlətlərarası əlaqələrin təbii şəkildə formalaşmasına zəmin yaratmışdır. Ortaq türk kimliyi, ortaq ədəbi irs, eyni dini dəyərlər və ümumtürk mədəniyyəti ikitərəfli əməkdaşlığın sosial-mənəvi əsasını təşkil edir. Mədəniyyət sahəsində keçirilən “Azərbaycan Mədəniyyəti Günləri”, Özbəkistanda muğam və milli incəsənətin təbliği, eləcə də Bakıda təşkil olunan özbək kino və incəsənət festivalları xalqlar arasındakı yaxınlığı daha da möhkəmləndirir.
Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinin əsasında liderlər arasında səmimi dostluq və davamlı siyasi dialoq dayanır. Son illər qarşılıqlı səfərlərin intensiv xarakter alması, yüksək səviyyəli görüşlərdə regional və beynəlxalq məsələlər üzrə ortaq mövqelərin təsdiqlənməsi əlaqələri yeni mərhələyə yüksəltmişdir.
2022-ci ilin iyununda Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələr arasında münasibətlərin ali səviyyəsini rəsmiləşdirərək, əməkdaşlığın uzunmüddətli və dayanıqlı olduğunu göstərmişdir. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, humanitar, enerji, nəqliyyat, müdafiə və innovasiya sahələrində əlaqələrin genişlənməsinə zəmin yaratmışdır.
İki ölkə arasında iqtisadi əlaqələrin strateji məzmun qazanması qarşılıqlı investisiyaların artması ilə müşayiət olunur. Azərbaycan şirkətləri Özbəkistanda infrastruktur, tikinti, energetika və sənaye layihələrində aktiv iştirak edir. Özbəkistan tərəfi də Azərbaycanda kənd təsərrüfatı, yüngül sənaye və logistika sektoruna investisiya yatırmaqda maraqlıdır.
Ticarət dövriyyəsinin son illər sürətlə artması, “Azərbaycan-Özbəkistan İnvestisiya Fondu”nun yaradılması və biznes forumlarının keçirilməsi iqtisadi inteqrasiyanı daha da gücləndirmişdir. Nəqliyyat-logistika əməkdaşlığı xüsusilə diqqət çəkir. Özbəkistan üçün Azərbaycan ərazisi vasitəsilə Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrinə çıxış strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ölkələr arasında əməkdaşlığın prioritet istiqamətinə çevrilmişdir.
Azərbaycanın enerji sektoru, xüsusilə neft-qaz resurslarının dünya bazarına çıxarılması sahəsindəki təcrübəsi Özbəkistan üçün böyük maraq kəsb edir. Özbəkistanın enerji keçidi strategiyası çərçivəsində Azərbaycanla alternativ enerji, neft-kimya, yaşıl enerji texnologiyaları üzrə əməkdaşlıq genişlənməkdədir. Hər iki ölkənin energetika nazirlikləri arasında imzalanan anlaşmalar, SOCAR ilə Özbəkistan Milli Neft Şirkəti arasındakı layihələr bu istiqamətdə real əməkdaşlıq mexanizmlərini formalaşdırır.
Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlıq edən aparıcı üzv dövlətlərdir. TDT çərçivəsində iqtisadi inteqrasiya, nəqliyyat kommunikasiyaları, humanitar əməkdaşlıq və siyasi koordinasiya üzrə aparılan təşəbbüslər hər iki ölkənin regional liderliyini möhkəmləndirir.
TDT-nin 2022-ci ildə keçirilən Samarkand Zirvəsi, ardınca 2023-cü ildə Türk Dünyası mədəniyyət paytaxtı kimi fəaliyyət göstərən Şuşanın təşəbbüsləri Qardaşlıq birliyini daha da gücləndirmişdir. Hər iki ölkə türk dünyasının siyasi gücünün artırılması, vahid mövqedən çıxış edilməsi və beynəlxalq arenada birgə fəaliyyətin genişləndirilməsi istiqamətində fəal mövqe tutur.
Azərbaycan və Özbəkistan BMT, İSESCO, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlarda bir-birini daim dəstəkləyən ölkələrdir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman birmənalı şəkildə dəstəkləyib. Azərbaycan da Özbəkistanın regional sülh təşəbbüslərini və iqtisadi inteqrasiya layihələrini yüksək qiymətləndirir.
2020-ci ildə Azərbaycanın Qarabağ müharibəsi zamanı və 2023-cü ildə lokal antiterror tədbirləri ərəfəsində Özbəkistanın göstərdiyi siyasi dəstək iki dost ölkə arasındakı etimadın dərinliyini nümayiş etdirmişdir. Humanitar sahədə Özbəkistanın Füzulidə inşa etdiyi 960 şagirdlik məktəb binası da bu qardaşlığın real təzahürüdür.
Azərbaycan və Özbəkistan xalqları arasında humanitar əməkdaşlıq siyasi-iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Təhsil proqramları, tələbə mübadiləsi, türk dünyası institutlarının layihələri, ədəbi tədbirlər xalqlar arasında yaxınlaşmanı sürətləndirir. Özbəkistanda Nizami Gəncəvi, Azərbaycanda Əmir Teymur irsinin təbliği bu münasibətlərin mədəni dayağını möhkəmləndirən amillərdəndir.
Hazırkı tendensiyalar göstərir ki, Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı regionda mühüm inteqrasiya modeli rolunu oynayır.
Azərbaycan və Özbəkistan arasındakı ikitərəfli əməkdaşlıq təkcə regional maraqlara deyil, həm də beynəlxalq təhlükəsizlik və iqtisadi inteqrasiya proseslərinə xidmət edir. Hər iki ölkə ortaq tarixi-mədəni bağlardan, liderlər arasında səmimi siyasi əlaqələrdən və bir-birinə olan yüksək etimaddan güc alaraq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda nümunəvi əməkdaşlıq modeli formalaşdırır.
Bu gün Azərbaycan–Özbəkistan tərəfdaşlığı türk dünyasının güclənməsi, regionda sabitliyin təmin edilməsi və gələcək nəsillərə inteqrasiya olunmuş güclü türk coğrafiyası mirası qoyulması baxımından strateji əhəmiyyət daşıyır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



