Ölkə başçımızın Macarıstan səfəri enerji sahəsində əməkdaşlığa xüsusi təsir edəcək
Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı.İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. 2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı.
Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcək. Nəzərə alsaq ki, Macarıstan həm də Avropa İttifaqının və NATO-nun üzvüdür onda bu münasibətlərin əhəmiyyəti artmış olur. Eyni zamanda, Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətlər Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri Bakı ilə Budapeşt arasında enerji sahəsində əlaqələrə daha çox təsir göstərəcək və bu sahədə ölkələr arasında yeni əməkdaşlıq perspektivləri yaranacaq”. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.
“Düzdür, Azərbaycan da öz qazını Avropaya satmaq və bu həcmi bir qədər də artırmaq niyyətindədir. İstər Serbiya prezidentinin Azərbaycana səfəri zamanı, istərsə də dövlət başçısı Maacarıstanda keçirdiyi görüşlərdə açıq şəkildə ifadə etdi ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”. Rusiya-Ukrayna müharibəsi Budapeşti enerji sahəsində Bakı ilə əməkdaşlığa məcbur edib: “Çünki Azərbaycan bu baxımdan Macarıstan üçün ən əlverişli alternativ ölkədir”.İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi hesab edir ki, iki ölkə arasında nəqliyyat və tranzit sahəsində əlaqələr mövcuddur və bu əlaqələrin inkişafı üçün potensial imkanlar var:
“Dövlət başçısının da qeyd etdiyi kimi dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. Təkcə keçən il tranzit yüklərin həcmində 75 faiz artım qeydə alınıb”.
İslam Bafadarov,
YAP-ın gənc fəalı