Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün keçirilməsi

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, regional və qlobal məsələlərin həllində fəal iştirakının mühüm göstəricisidir. Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə götürdüyü missiyanın öhdəsindən layiqincə gəldiyini nümayiş etdirdi.
Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin müstəqil xarici siyasətinin əsas prinsiplərini, beynəlxalq hüquqa münasibətini, tarixi Zəfərimizin mahiyyətini və regionda davamlı sülhün təmin olunmasına dair mövqeyini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı həm Azərbaycanın beynəlxalq platformalarda artan rolunu, həm də uzun illər ərzində üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması prosesini geniş təhlil edərək, beynəlxalq münasibətlərdə prinsipiallıq və ikili standartlardan uzaq yanaşmanın vacibliyini vurğuladı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2024-cü ildə AQEM-ə sədrliyinə üzv dövlətlər tərəfindən göstərilən yekdil dəstəyə görə minnətdarlığını ifadə etdi. Bu dəstək ölkəmizə göstərilən etimadın, Azərbaycanın beynəlxalq əməkdaşlıq təşəbbüslərinin qəbul edilməsinin və onun çoxtərəfli diplomatiyada tutduğu mövqenin göstəricisidir.
Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji təhlükəsizliyinə verdiyi töhfə və müxtəlif dövlətlərlə qurduğu qarşılıqlı faydalı əlaqələr ölkəmizi Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevirir. Şərqlə Qərb arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, beynəlxalq yükdaşımaların genişləndirilməsi, enerji resurslarının etibarlı təchizatı və humanitar əməkdaşlıq Azərbaycanın regional əhəmiyyətini artıran əsas amillərdəndir.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə əsaslanan müstəqil xarici siyasət yürüdür. Bu yanaşma ölkəmizin yalnız milli maraqlarının qorunmasına deyil, həm də beynəlxalq münasibətlərdə ədalətli və sabit sistemin formalaşmasına xidmət edir.
AQEM çərçivəsində Azərbaycanın təşviq etdiyi nəqliyyat, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlıq təşəbbüsləri təşkilatın fəaliyyət imkanlarının genişlənməsinə şərait yaradıb. Prezident İlham Əliyev Azərbaycanın ikiillik sədrliyi dövründə AQEM-in institusional və hüquqi baxımdan gücləndiyini, üzvlərinin sayının artdığını və qarşılıqlı dialoq üçün imkanlarının genişləndiyini diqqətə çatdırdı. Azərbaycanın sədrliyinin daha iki il uzadılmasına üzv dövlətlərin dəstək verməsi isə ölkəmizin təşkilat daxilindəki etimad və nüfuzunun növbəti təsdiqidir.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal, etnik təmizləmə və beynəlxalq hüquq normalarının pozulması məsələlərinə həsr olundu. Dövlət başçısı vurğuladı ki, beynəlxalq münasibətlərdə münaqişələrin həllinə ikili standartlarla yanaşılması, bəzi dövlətlərin əməllərinə göz yumulması, digərlərinin isə selektiv şəkildə tənqid edilməsi ədalətin bərqərar olmasına mane olur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin Ermənistan tərəfindən işğalına məruz qalmış, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzurda, eləcə də indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş, şəhər və kəndlərimiz dağıdılmış, xalqımız ağır humanitar fəlakətlə üzləşmişdi.
Dövlət başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edərək, onun münaqişənin həllinə deyil, faktiki olaraq dondurulmasına yönəlmiş yanaşmasını diqqətə çatdırdı. Azərbaycan üçün bu təcrübə beynəlxalq hüququn yalnız bəyanatlarla müdafiə edilməsinin kifayət etmədiyini, hüquqi öhdəliklərin yerinə yetirilməsinə siyasi iradə və təsirli mexanizmlərin də lazım olduğunu göstərdi.
Azərbaycan xalqının ədalətin bərpası uğrunda mübarizəsinin ən mühüm mərhələsi 2020-ci ildə Vətən müharibəsi ilə başladı. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ermənistanın hərbi təxribatları və işğalın davam etdirilməsi Azərbaycanı öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etməyə məcbur etdi.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi, separatizmə son qoyuldu. Prezident İlham Əliyevin çıxışında bu hadisə Azərbaycanın beynəlxalq hüquqla tanınmış hüquqlarını təmin etməsinin, dövlət suverenliyini möhkəmləndirməsinin və ərazilərində konstitusiya quruluşunu bərpa etməsinin nəticəsi kimi təqdim olundu.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan döyüş meydanında öz hüquqlarını bərpa etdikdən sonra xalqımızın mənəvi dəyərlərinə uyğun davranaraq sülhə üstünlük verib. Bu mövqe Azərbaycanın gücünün yalnız hərbi imkanlarla ölçülmədiyini, eyni zamanda siyasi iradə, dövlətçilik məsuliyyəti və humanist yanaşma ilə müəyyənləşdiyini göstərir.
Dövlət başçısı regionda sülhün hələ də kövrək olduğunu və onun qorunması, möhkəmləndirilməsi üçün davamlı səylərin zəruri olduğunu bildirdi. Bu, Azərbaycanın postmünaqişə dövründə əsas hədəfinin əldə olunmuş nəticələri qorumaq, qarşılıqlı etimadı artırmaq və regionda uzunmüddətli sabitliyə nail olmaq olduğunu nümayiş etdirir.
Azərbaycanın sülh təşəbbüsləri həm də regionun iqtisadi və nəqliyyat imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər açır. Münaqişə risklərinin azalması, dövlətlər arasında etibarlı münasibətlərin qurulması və kommunikasiya xətlərinin inkişafı Cənubi Qafqazın beynəlxalq bağlantılar sistemində daha fəal iştirakına şərait yarada bilər.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



