Analitika

Novruz xalqımızın milli varlıq və mənəviyyatıdır

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir. Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir. Zövqü saf olan, dünya görüşü geniş olan hər bir kəs Allahın buyurduğu kimi yaxşını pisdən ayırmağı bacarmalıdır. Dini ayinlər sırasında məhz Novruz bayramına aid olan ilin təhvil verilməsinə xas duaların verilməsi, namazlarda yer alan ayinlərdəndir. Bununla belə Novruz bayramında bəzi  oyunlar, xüsusilə də, odun yandırılması və ondan dilək diləmək təbii ki, yolverilməz sayılır. Çünki dinimizdə “yalnız Sənə bəndəçilik edirik və Yalnız səndən kömək diləyirik” ayəsi mövcuddur. Eyni zamanda, Novruz bayramında qumar oynamaq kimi dəyərləndirilən yumurta və xoruz döyüşü kimi ənənələr də yolverilməzdir. Daha doğrusu, bu haram hesab olunur. Qulaq falına çıxmaq islam əxlaqına görə, icazəsiz başqasının söhbətlərinə qulaq asmaq kimi dəyərləndirildiyindən səhv hesab olunur. Təbii ki, bu fikirləri qeyd etməklə heç də bizim amalımız və amacımız milli adət-ənənəni dəyişmək deyil. Sadəcə diqqətli olmalıyıq ki, hər şeydən əziz və üstün olan dini normalara, milli dəyərlərə, islam əxlaqına biganə qalmayaq. Dini adət-ənənələrimizi lazımınca qoruyub-saxlamaqla onu inkişaf etdirək. Novruz xalqımızın mənəvi-əxlaqi dəyərlərinin aynası olub azərbaycançılıq düşüncəsinin söykəndiyi mötəbər qaynaqlardandır. Cıdır düzündən alovlanan tonqallar xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə sevinci yaşatdı. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının böyük rəmzi və tarixi əhəmiyyəti var. Biz öz tarixi torpaqlarımızdayıq.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button