Novruz təbiətin oyanması və yeniləşməsinin rəmzidir
Elimin, obamın, millətimin sevimli bayramı olan Novruz bayramına sayılı günlərimiz qalıb. Artıq hər birinin özünə məxsus adətləri, ayinləri olan 4 çərşənbəmizi Su, Od, Yel, Torpaq çərşənbəsini geridə qoymuşuq. Dörd ünsür, dörd bayram çərşənbəsini.İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Torpaq oyanır, əkin işlərinə başlanıır. Novruz ənənələri incəsənətdə də özünəməxsus yer tutur. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib. Novruz bayramı ilə bağlı bayram şənlikləri yurdumun hər elində, obasında böyük coşqu ilə keçirilir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərinin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır. Novruz həmçinin rəngarəng folklor nümunələri ilə zəngindir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Elmi-tərəqqinin, müasir dünyamızın inkişafına baxmayaraq Novruzun adət-ənənələri, ritualları, ayinləri qoruyub saxlanmalı, gələcək nəsillərə çatdırılmalıdır.
Ulu Öndər Heydər Əliyev demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. ”Bəli, Novruz sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. Uzun illər keçirilməsinə faktiki qadağa qoyulan Novruz türk dünyasının ən yaxşı bayramlarından biri, birincisidir. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır.
Azərbaycan xalqı bu gün artıq öz ali hədəfinə çatıb. Torpaqlarımızın azadlığı təmin edilib. Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və biz artıq həmin ərazilərdə də Novruz bayramını qeyd edir, tonqallar qalayırıq. Ulu Öndər Heydər Əliyevin dediyi kimi Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Tamilla Yaqubova,
Xəzər rayonu, 230 nömrəli tam orta məktəbin direktor əvəzi