Novruz milli bayramımızdır
Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.
Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Bu inamın nəticəsində işğal olunmuş torpaqlarımızı azad etdik. Torpaqlarımızın işğaldan azad olunması kimi, həmin bölgələrin abadlaşdırılması da Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Cənab Prezidentin düşmən tapdağından xilas olunmuş ərazilərə mütəmadi səfərləri hər dəfə böyük ictimai hadisəyə çevrilir. Çünki ölkə başçısının hər səfəri yeni abadlıq – quruculuq işlərinin daha geniş və intensivləşməsinə meydan açmaqla yanaşı, qalib ölkənin qalib liderini azad olunmuş Vətən torpağında görmək, dövlət maraqlarımıza uyğun qlobal əhəmiyyətli bəyanatlarını dinləmək bütöv bir xalq üçün qürurvericidir.
Möhtərəm Prezidentimiz Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişdir: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.
İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni-yeni uğurlar, yeni qələbələr arzulayıram!”
Müzəffər Ali Baş Komandan müraciətində bir sıra vacib məsələləri də vurğulayıb: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik.
İşğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün nə qədər səylər göstərilmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti güclü iradə göstərərək bütün bu cəhdləri dəf etmişdir. Çünki bizim işimiz haqq işidir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik.
Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır.
Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik”.
Möhtərəm Prezidentimiz çıxışını qələbəmizin şüarı ilə yekunlaşdırmışdır: “Mən əziz xalqımı qarşıdan gələn Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm, bir daha çıxışımı məşhur olan sözlərlə tamamlamaq istəyirəm: “Qarabağ Azərbaycandır!”
Aytən Ramazanova,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi