Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir
Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla– Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çox 5000 ilə bərabər edirlər. Təbiətin, həyatın oyanması Novruz bayramından başlayır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günü- Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Novruz bayramı adət-ənənələrin yenidən canlanması, təbiətin oyanışıdır.
Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün “Siyasətnamə”sin də, Ömər Xəyyamın “Novruznamə”sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.
Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir. Zövqü saf olan, dünya görüşü geniş olan hər bir kəs Allahın buyurduğu kimi yaxşını pisdən ayırmağı bacarmalıdır. Dini ayinlər sırasında məhz Novruz bayramına aid olan ilin təhvil verilməsinə xas duaların verilməsi, namazlarda yer alan ayinlərdəndir. Bununla belə Novruz bayramında bəzi oyunlar, xüsusilə də, odun yandırılması və ondan dilək diləmək təbii ki, yolverilməz sayılır. Çünki dinimizdə “yalnız Sənə bəndəçilik edirik və Yalnız səndən kömək diləyirik” ayəsi mövcuddur. Eyni zamanda, Novruz bayramında qumar oynamaq kimi dəyərləndirilən yumurta və xoruz döyüşü kimi ənənələr də yolverilməzdir. Daha doğrusu, bu haram hesab olunur. Qulaq falına çıxmaq islam əxlaqına görə, icazəsiz başqasının söhbətlərinə qulaq asmaq kimi dəyərləndirildiyindən səhv hesab olunur. Təbii ki, bu fikirləri qeyd etməklə heç də bizim amalımız və amacımız milli adət-ənənəni dəyişmək deyil. Sadəcə diqqətli olmalıyıq ki, hər şeydən əziz və üstün olan dini normalara, milli dəyərlərə, islam əxlaqına biganə qalmayaq. Çalışmalıyıq ki, dini adət-ənənələrimizi lazımınca qoruyub-saxlamaqla onu inkişaf etdirək.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Ona görə də, bayram günləri hər bir kəsin dodağında bu misralar səslənir:
Novruz bayamının dünya miqyasında tanınması, bəşəriyyətin Novruz ənənələri ilə rənglənməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Mehriban xanım Əliyevanın təşəbüssü ilə 2007-ci ildən “Hərəyə bir ağac əkək” kampaniyası bu günə kimi davam edir. 2007-ci ildə Novruz bayramı günlərində Lənkəran, Yevlax, Zərdab, Şəmkir, Samux, Xanlar, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Beyləqan, Füzuli və digər rayonlarda da bu kampaniyası çərçivəsində iməciliklər keçirilmiş, yaşıllıqlar salınmış, park və xiyabanlarda təmizlik işləri görülmüş, ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən bu layihənin əhəmiyyəti açıqlanmışdır. Artıq 17 ildir ki, minlərlə ağacın əkilməsinə vəsilə olan bir kompaniya yeni parkların, bağların salınmasının səbəbi olmuşdur. Kopaniya çərçivəsində təkcə 2020-ci ildə- Mehriban xanım Əliyevanın ideyası ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.
Artıq dörd ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Konfusi deyirdi: “planınız bir illikdirsə düyü əkin, planınız 10 illikdirsə ağac əkin, əgər planınız ömürlükdürsə uşaqları tərbiyə edin”. Bu mərhəmətli, xeyirxah təşəbbüs şagirdlərin ekoloji tərbiyəsinə, cəmiyyətə faydalı övlad olmasına vəsilə olur.
Xəlilova Əfsanə,
Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin müəllimi