Analitika

Novruz bayramı xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirir

“Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzidir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Hələ respublikamıza rəhbərliyinin birinci dövründə – ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan ulu öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlamışdır:

“İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. Paytaxtımızın və bölgələrimizin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartlar tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır”.

Onun sözlərinə görə, xalqımız artıq üçüncü ildir ki, Novruz bayramını yüksək əhvali-ruhiyyə, ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edir. Çünki xalqımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Bu tarixi Zəfər sayəsində milli ruhumuzun, mədəni irsimizin təntənəsi olan Novruz da doğma Vətən torpaqlarına qayıtdı.

Oxşar Xəbərlər

Back to top button