Analitika

Novruz bayramı xalqımızın ən doğma, ən sevimli, ən əziz bayramıdır

Ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən Novruz milli bayramımızdır. Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Novruz baharın ilk günüdür.Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı  bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılamağa çalışır. Xalqımız Novruz ənələrinə daim ehtiramla yanaşır. Bu ənənələr müqəddəs ərməğan kimi daim uca tutulur,yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi çatdırılır. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram ən kütləvi xalq bayramıdır. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – od, torpaq, su və havaya  həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur.

Novruz bayramının müxtəlif adət-ənənələri həm şifahi xalq yaradıcılığında, həm də yazılı, xüsusən də klassik ədə­biyyatımızda açıq-aşkar şəkildə özünü göstərməkdədir. Məlum olduğu kimi, Novruz bayramı və çərşənbə axşam­larında süfrələrə cürbəcür milli yeməklər və şirniyyatlar xalqın deyimi ilə desək “yeddi cür nemətlər düzülür”. Bayramın mahiyyətini müəyyən cəhətlərdən tamamlayan süfrə mədəniy­yəti kimi adətlər də bayatılarda təlqin olunur. Novruz mərasimini səciyyələndirən ən vacib ritual-mifo­loji motivləri özündə cəmləşdirən falabaxma, qulaqpusma kimi adətləri də bayatı yaradıcılığından kə­nar­da qalmamışdır. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanılır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, həmin günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, əzizlərim, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.

Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır. Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz – bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq. Məhz bu yanaşma müasir dövlətimizin mədəniyyət siyasətinin əsasını təşkil edir, Azərbaycanı bütün dünyaya qədim tarixə, zəngin mədəni irsə malik olan dövlət kimi təqdim olunmasında aparıcı rol oynayır. Xalqımız Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çünki Azərbaycan İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli və şərəfli Vətən müharibəsində möhtəşəm qələbə qazandı. Məhz bu möhtəşəm qələbəyə görə xalqımız Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir.

Şəbnəm İsmayılova,
YAPın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button