Analitika

Novruz bayramı-milli adət-ənənələrin ayrılmaz parçası

Hər il xalqımız Novruz bayramını xüsusi sevgi və sevinclə qeyd edir. Bütün Türk dünyası üçün çox əziz olan bu bayram zaman ötdükcə müəyyən dəyişikliklərə uğrayıb, bəzi adətləri unudulub, yeni ənənələr ortaya çıxıb. Bunun üçün də indi yaşlı insanlar Novruz bayramında, eləcə də çərşənbələrdə deyirlər: “Eh ay bala, əvvəlki bayramdan əsər-əlamət qalmayıb.

Milli birlik millətin bütün olması, bu bütünlük içində ayırıcı və bölücü ünsürlərə əsla yer verilməməsi kimi qiymətləndirilirsə, onda Novruz bayramının belə bir missiyaya xidmət göstərməsi danılmazdır. Novruz min illərdir ki, bütün koloritləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, mili-mənəvi dəyərlərinin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir.Bu bayramın bütün elementləri insanlığa ünvanlanmış müsbət enerji üstə köklənmişdir. Bütün bunlar bir daha sübut edir ki, Novruz dostluq, barışıq, ünsiyyət, təmizlik, yenilik, ülfət və səmimiyyət bayramıdır. Ona görə ki, bu sadaladığım pak və ülvi dəyərlər olmadan heç bir milli birlikdən söhbət gedə bilməz. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daim gözəl zəmin yaratmışdır.

Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan “Novruz” xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular yaradaraq insanı təbiətə yaxınlaşdırır

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramı həm də Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. “Yeni gün” anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir.

Bayramova Kübra,
Xəzər rayonu, 234 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button