Analitika

Novruz bayramı bolluq, xeyirxahlıq, gözəllik bayramıdır

Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir.  Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Novruz bayramı yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir.

Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyinməli idi və bayram xalçaları toxuyardılar. Bugün də  Novruz bayramı böyük coşqu və sevinclə qeyd olunur. Novruz bayramında Novruz  süfrəsi, Novruz  xonçası qurulur. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirniyyatlar bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.  Beləliklə , Novruz bayramı  bolluq, xeyirxahlıq, gözəllik bayramıdır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button