Novruz bayramı Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət – ənənələrini özündə əks etdirən bir milli bayramdır
Novruzun qədim xalq bayramı olması haqqında tarixi və ədəbi mənbələrdə məlumat və fikirlərə rast gəlinir. Novruz haqqında geniş və çoxsaylı faktlarla zəngin mənbələrdən biri də Azərbaycan mifləridir. Eləcə də Azərbaycanda olan səyyahlar öz qeydlərində Novruzla bağlı maraqlı fikirlər söyləyiblər. Bu qədim bayramla bağlı məlumatlara Nizam əl-Mülkün “Siyasətnamə”sində də rast gəlirik. Zərdüştilik dövründə də qeyd edilən bayramın ən maraqlısı məhz Novruz idi. Ömər Xəyyam (1048-1131) “Novruznamə” adlı əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir. XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkələrinə səyahətə çıxır. Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olur… Vətəninə qayıtdıqdan sonra “Səyahətnamə” adlı kitab yazır. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda qeyd edilən Novruz bayramının iştirakçısı olub. Həmin bayramla bağlı “Səyahətnamə” adlı kitabında yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü təntənəli surətdə qeyd edilir: Orucluq, Qurban və Yaz bayramı. Yaz bayramı, əslində, Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Fransız səyyahını heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm də bahalı əşyalardan – cavahiratdan, qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardeni valeh edib. Səyyahı təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı: “Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır”. Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət – ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı