Neytral mövqe

Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdi. Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin müsbət məcrada inkişaf dinamikasının müşahidə edildiyi vurğulanmış və ikitərəfli münasibətlərin iqtisadi sahədə əldə edilən uğurlarının həmişə daha mühüm rol oynadığı qeyd edilmişdi. Erməni lobbisinin təsiri ilə Avropa dövlətlərində, xüsusilə, Fransada anti-Azərbaycan meyllərinin gücləndiyi bir vaxtda Almaniya neytrallıq nümayiş etdirir. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Təbii ki, bu, əsassız deyil, Fransadan fərqli olaraq Almaniyada türklər daha çox məskunlaşdığı üçün burada türk diasporu Azərbaycan həqiqətlərinin Almaniya cəmiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərir, bunun da nəticəsi olaraq Almaniya dövləti ermənilərin Avropada başlatdıqları anti-Azərbaycan propoqandalarına uymur, adekvat mövqe nümayiş etdirir. Fransa cəmiyyətində isə təmamilə əksinə ermənilər kütləvi halda Fransada məskunlaşdığı üçün erməni lobbisinin Fransanın siyasi-iqtisadi-sosial sferada qəbul etdiyi bütün qərarlara şiddətli təsir gücü var. Ona görə də Fransa höküməti Azərbaycan həqiqətlərinə qarşı gözünü, qulağını bağlayıb, erməni yalanlarını eşitmək və görməyi tərcih edir, onun maraqlarını müdafiə edir, Azərbaycan Respublikasına qarşı düşmən mövqe sərgiləyir. Halbuki beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir.
Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Anti-Azərbaycan siyasətinin bir hissəsi kimi Borrelin çıxışını göstərmək olar. O, bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır.
İlham Əliyev görüşdə Azərbaycan Respublikasının qəti mövqeyini ortalığa qoyaraq bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Təbii ki, Avropanın aparıcı dövlətlərindən biri olan Almaniyada belə rəyin formalaşmağı heç də xoş qarşılanmır, ümüd edirik ki, erməni yalanlarının qurbanına çevrilərək özünü Azərbaycan kimi sadiq bir müttəfiqdən məhrum qoymaz. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. İşğalın acı fəsadları kimi 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar. Lakin torpaqlarımızı işğal altında saxlayan Ermənistan böyük dövlətlərin həyata keçirdiyi “İkili standartlar” siyasətini gördüyü üçün bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı.
Ermənistandan fərqli olaraq Azərbaycan həmişə sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdi, lakin düşmən mövqeyindən əl çəkməyən Ermənistan höküməti sülh danışıqlarına yaxın durmur, müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Bu da onun əslində təcavüzkar siyasətinin bariz şəkildə ifadəsi kimi qəbul edilməlidir. Lakin heç bir böyük dünya dövləti Ermənistanı buna görə qınamır, ona siyasi və ya iqtisadi sahədə təzyiqlər göstərmir. Çünki Fransada olduğu kimi Amerka Birləşmiş Ştatları və Rusiyada da çoxlu sayda erməni yaşayır, buna görə də ermənilər adı çəkilən dövlətlərin qərarlarına təsir imkanına malikdirlər, onların Azərbaycan Respublikasına qarşı atdıqları hər hansı addımını adekvat qəbul etmək olmaz, daha çox erməni lobbisinin təzyiqi kimi qarşılamaq olar. Biz bunu Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdləri kimi görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Azərbaycan Respublikası ilə əməkdaşlıq nəinki Azərbaycan dövləti, eyni zamanda ABŞ və Avropa dövlətləri, hətta Ermənistan Respublikası üçün də qazanc mənbəyidir. Biz bizə əl uzadan hər bir dövlətin əlindən tutmağa razıyıq, təki o erməni pandemiyasının onlar üçün ölümcül təsirlərindən canlarını qutarıb bizim ilə mehriban dostluq münasibətləri qurmaq istəsinlər.
Əsgərova Şəlalə,
Xəzər rayonu, 241 saylı tam orta məktəbin direktoru



