Analitika

Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur

Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir. Bir çox mənbələrdən məlum olur ki, artıq VIII əsrdə Abşeron nefti Azərbaycanın əsas sərvəti imiş və ta qədimdən təsərrüfat həyatının bir çox sahələrində istifadə olunurmuş. O zamanlar Azərbaycanda olmuş italyan səyyah Marko Poloya istinadən tədqiqatçılar yazırlar ki, neft tuluqlara doldurularaq dəvələrlə Şamaxıya, Naxçıvana, Dərbəndə, Həştərxana, həmçinin İrana, Gürcüstana, Orta Asiyaya, hətta uzaq Hindistana daşınırmış. Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlandı. Akademik Ziyad Səmədzadənin layihə rəhbəri olduğu “Bakı nefti qələbənin açarı – Şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabında göstərilir ki, dünyada ilk dəfə neft quyusunun Bibiheybət yaxınlığında qazılması tarixi bir sənəddə, qraf Vorontsovun 1848-ci il iyul ayının 14-də rus çarına göndərdiyi rəsmi məlumatda öz təsdiqini tapır. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə böyük rol oynamışdı. 

XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri kimi yadda qaldı. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş dahi lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, 1969-cu ildən başlayaraq Azərbaycanda bütün sahələr kimi, neft və qaz sənayesinin də dinamik inkişaf mərhələsinə olaraq səciyyələndi və bu da ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf etdi. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü çoxsayda dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış neft Sazişi Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu Saziş müstəqil, azad Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə əbədi həkk olundu. Ulu Öndər uzaqgörənliklə, qətiyyətlə vurğulayırdı ki, XXI əsrdə Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə yüksələcək və dirçələcəkdir. Və biz bu gün həmin reallığın şahidi oluruq…

Əsədov Nazim,
Xəzər rayonu, 256 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button