“Naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm”
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib. O bildirib ki, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsəd olacaq: “Nəqliyyat məsələlərində problem yaşansa da, Naxçıvanda qazlaşdırılma aparılıb, əhali elektrik enerjisi ilə tam təmin olunub. Prezident İlham Əliyevlə görüşdə onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim”.
Zəngəzur dəhlizinin lokal, regional və kontinental şəkildə xidmət göstərəcəyini deyən F.Nəcəfli bildirib ki, bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması olacaq.
F.Nəcəfli xüsusi nümayəndəlik və Ali Məclisin paralel olaraq Muxtar Respublikada necə işləyəcəyinə də aydınlıq gətirib: “Naxçıvan Ali Məclisi öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Ali Məclisdə qəbul edilmiş aktlarla bağlı bir sıra nöqsanlar var. Qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir. Bu kimi məsələlərə Ali Məclis baxacaq, çünki bunlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.