Naxçıvan Muxtar Respublikasında böyük enerji potensialına malikdir
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoyub. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin edib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin məlumatına görə, muxtar respublikada xüsusilə son illər alternativ və bərpa olunan enerji mənbələri hesabına istifadəyə verilən elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, gücü 50 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, derivasiya tipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilib, 2017-ci ildə gücü 2 meqavat artırılıb, 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası qurulub, 2020-ci ildə həmin stansiyanın layihə gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırılıb. Bu da Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Muxtar respublikanın əlverişli iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün geniş imkanlar açır. Bu sahədə görülən işlərin davamı olaraq 2021-ci ildə Şərur rayonunun Zeyvə kəndi ərazisində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 1,1 meqavat gücündə Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası istismara verilib, 2022-ci ilin may ayında Şərur Günəş Elektrik Stansiyasının layihə gücü 3 meqavat artırılaraq 8 meqavata çatdırılıb. Hazırda Şərur rayonunun Zeyvə kəndi ərazisində Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılması işləri aparılır. Culfa rayonunda isə 10 ədəd hər biri 30 kilovat gücü olan külək turbinlərinin quraşdırılması işləri başa çatdırılıb. Həyata keçirilən tədbirlər Naxçıvan energetikasının yeni və müasir mərhələyə qədəm qoymasını şərtləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik.
Bədiyyə Sadıqova,
YAP- ın gənc fəalı