AnalitikaGündəmSiyasət

Naxçıvan Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birinə çevrilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxıvan Muxtar Respublikasında səfərdə oldular. Hər bir səfər yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev səfər zamanı Azərbaycan Televiziyasına müsahibəsində səfərin təfərrüatlarını, yekunlarını və nəticələrini açıqlayarkən vurğuladı ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Cənab İlham Əliyev qeyd etdi ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.

Səfər zamanı, eyni zamanda, sosial təminatla əlaqədar Naxçıvan Regional DOST Mərkəzinin açılışını qeyd etmək istərdik. bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.

Səfərin gündəliyi zənginliyi ilə diqqətdə oldu. Belə ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak etdilər, Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə, həmçinin Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldular.

Muxtar respublikanın iqtisadi fəallığının genişləndirilməsində, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsində və turizm imkanlarının artırılmasında müasir nəqliyyat infrastrukturu mühüm rol oynayır. Statistik rəqəmlərə nəzər salaq. Belə ki, 2023-cü ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Yenilənmiş yollar rayonlararası əlaqəni sürətləndirib, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını asanlaşdırıb və turizm marşrutlarına çıxış imkanlarını yaxşılaşdırıb. Naxçıvan şəhərində isə ictimai nəqliyyatın müasir və ekoloji təmiz modelə keçirilməsi istiqamətində mühüm layihə həyata keçirilir. 4 mart 2025-ci il tarixində imzalanmış Sərəncamla Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması, enerjidoldurma cihazlarının quraşdırılması, habelə depo – qaraj infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33,5 milyon manat vəsait ayrılıb. Layihə şəhərdə hava mühitinin yaxşılaşdırılmasına və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri muxtar respublikanın gələcəyi ilə bağlı böyük strateji proqramın təqdimatı kimi yadda qalacaqdır.

Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button