Analitika

NATO-nun əməliyyatlarına Azərbaycanın dəstəyi əməkdaşlığın mühüm sahələrindəndir

Azərbaycan özünün çoxvektorlu xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə xüsusi önəm vermiş və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab etmişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 1997-ci ildə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulmuşdur. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan–NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışdır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilmişdir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramının prinsiplərinə əsaslanmaqla NATO  ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci il tarixinədək mövcud olmuş münaqişə ilə bağlı məsələlər, sülhməramlı əməliyyatlar, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və digər ortaq maraq kəsb edən mövzular müzakirə olunur. NATO-nun əməliyyatlarına Azərbaycanın dəstəyi hazırda əməkdaşlığın mühüm sahələrindəndir. Hazırda Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirak edir.  Azərbaycan  mühüm enerji infrastrukturunun mühafizәsi, terrorizmә qarşı mübarizә üzrә Avratlantika Tәrәfdaşlıq Şurası formatında İşçi Qrupun sәdri olmaqla bu sahədə öz töhfəsini verir. Belə töhfə NATO ilə kəşfiyyat və təhlil mübadiləsindən, NATO müttəfiqləri ilə birlikdə milli əks-terror təlim imkanlarını gücləndirməkdən, sərhəd və infrastruktur təhlükəsizliyinin təkmilləşdirilməsindən ibarətdir. 2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Daha sonra Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub. Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button