Analitika

Müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən Azərbaycan

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı çoxkonfessiyalı diyar kimi tanınmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu, bizim böyük sərvətimizdir. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Azərbaycanda tarixən müxtəlif xalqlar və dini icmalar məskunlaşmış, onlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, eyni zamanda Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasət sayəsində öz etnomədəni xüsusiyyətlərini, inanclarını, yaşam tərzlərini və adət-ənənələrini qoruyub-saxlamış, hətta qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində ümumazərbaycan mədəniyyətinə böyük töhfələrini vermişlər. Bu prinsiplərin təməli isə vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər çıxışlarının birində bu birliyin mahiyyəti və sarsılmaz gücü haqqında bunları demişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar”.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının inkişafı, buradakı sabitliyin möhkəmlənməsi istiqamətində atılmış uğurlu addımların arxasında Azərbaycançılıq məfkürəsi, multikultural dəyərlər dayanmaqdadır. Sirr deyildir ki, həm də bu dəyərlərin qorunub inkişaf etdirilməsinə görə Azərbaycan regionun ən sabit və lider ölkəsi kimi tanınmaqdadır. Hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycan Ermənistan ilə arasındakı problemini müsəlman-xristian münaqişəsinə çevirmədi. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları var idi.Baxmayaraq ki, Ermənistan işğal dövründə bütün dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən dağıtmış, amma xalqımız tolerantlığın ən bariz nümunəsi kimi Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışdır. Çünki tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri tarixi dəyər kimi formalaşıb. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilib.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş, əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda da uğurla davam etdirilməkdədir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button