Analitika

Müxtəlif istiqamətlərdə yüklərinin təhlükəsiz daşınmasını həyata keçirmək böyük uğurumuz kimi qiymətləndirilməlidir

XXI əsrdə beynəlxalq iqtisadi inteqra­siya daha da dərinləşir. Bu baxımdan da bir regionda və ya dövlətdə sosial-iqtisadi proseslərin gedişi əhəmiyyətli dərəcədə bu region və ya dövlətin dünyada mövcud olan hansı nəhəng inteqrasiya birliklərinə daxil olacağından əhəmiyyətli dərəcədə asılıdır. Texnoloji inqilabların beşiyi olan Avropaya alternativ yollarla çıxış bu ölkələrdə istər iqtisadiyyatın müasir texniki və texnoloji əsaslarla yenidən qurulma­sı və dirçəldilməsində, istərsə də bazar iqtisadiyyatının formalaşmasında mühüm rol oynayacaqdır.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm amilə çevrilib. Azərbaycanın nəqliyyat imkanlarının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından çox vacibdir, iqtisadiyyata böyük töhfədir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun əsas nəqliyyat-logistika mərkəzi kimi tanınır. Ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri yüklərin daşınması üçün həm məsafəyə, həm də vaxta qənaət baxımından əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi xeyli artır. Azərbaycan müxtəlif istiqamətlərə yüklərin tranzit daşınmasının səmərəli təşkilini təmin edir. Bu, daha sərfəli şərtlərlə təhlükəsiz və vaxtında çatdırılma imkanı verir. Tranzit marşrutları genişlənməkdə davam edir, ticarət artır və bu, son nəticədə Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə gətirib çıxarır.

Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malikdir. Bu, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında nəqliyyat-logistika şəbəkəsini genişləndirəcək dəhlizin gələcəkdə regional ticarətə müsbət təsir göstərərək Cənubi Qafqazda iqtisadi əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını deməyə əsas verir.

Dəhliz Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi imkanı­nı təmin etməklə yanaşı, Asiya–Sakit okean hövzəsindən Türkiyəyə Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı birləşdirən bir çox ticarət yolları açacaq. Şərq–Qərb dəhlizini, Şi­mal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini və Xəzər Nəqliyyat Şəbəkəsini daha da gücləndirəcək. O, həmçinin Xəzərdən Avropaya qədər uzanan Neft və Qaz Boru Kəməri Sisteminin istismarını asanlaşdı­racaq. Dəhlizin açılması Avropa İttifaqı, ABŞ, Rusiya və Çinin enerji təchizatı xətləri üçün mühüm rol oynayan regionun tranzit imkanlarını artıracaq. Beləliklə, Zəngəzur dəhlizinin re­allaşması nəticəsində Cənubi Qafqaz ölkələrinin inkişaf istiqamətləri, regionun siyasi-strateji mənzərəsi dəyişəcəkdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button