Müttəfiqlik xarakterli əlaqələr
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Söhbət energetika sahəsində ölkələrimiz arasında artıq bütün əsas detalları razılaşdırılmış yeni qaz müqaviləsindən gedir.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb TayyibƏrdoğanın iştirakı ilə baş tutmuş “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsulu olacaqdır. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirir. Azərbaycan və Türkiyənin Gürcüstan, İran İslam Respublikası, Türkmənistan ilə ayrılıqda üçtəfərli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir. Türkiyə və Azərbaycan arasındakı ticarət həcmi 1993-cü ildən etibarən davamlı artım meyli göstərmişdir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir. Türkiyə və Azərbaycan arasında bugünədək bütün sahələri əhatə edən 200-dən artıq imzalanmış sənədə malik hüquq-müqavilə bazası da daim genişlənməkdədir.
Gülarə Məmmədova,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi