Analitika

Müstəqil siyasət aparan iki ölkə

Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə, ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və birliyinə malik olan dövlətimiz özünə daim yeni dostlar, tərəfdaşlar axtarışındadır. Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər zamanı çox mühüm sənədlərin imzalanması əməkdaşlığa verilən böyük önəmin göstəricisidir və hər iki dövlətin milli maraqlarına uyğundur. Prezident İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini qiymətləndirərək bildirib ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır.

O qeyd edib ki, səfər zamanı ölkələr arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu uğurun başlanğıcıdır və gələcəkdə özünün daha yaxşı nəticələrini göstərəcək. Bunu müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər bir daha təsdiq edir. Dünyada yaranmış geosiyasi vəziyyət və Azərbaycan torpaqlarının uzun illər təcavüzə məruz qalması, ərazilərimizin hərbi yolla geri qaytarılması müdafiə qüdrətimizin gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur və Slovakiya ilə bu sahədə əməkdaşlığa önəm verilməsi çox əhəmiyyətlidir.

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və xarici dövlətlərlə energetika sahəsində əməkdaşlıq genişlənməkdədir. Ölkəmiz hazırda dünyanın 8 ölkəsinə təbii qazını ixrac edir. Slovakiya 9-cu ölkə olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaranıb. Bu səfər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sərmayə layihələrinin reallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması diqqət mərkəzində olub. Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra ediləcəyi yüksək qiymətləndirilib və müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər qeyd edilib”.

Slovakiyanın Baş naziri mətbuata bəyanatında Azərbaycanın haqq-ədalət mübarizəsini yüksək qiymətləndirərək bildirib: “Siz suverenliyə gəldikdə nümunə ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz”.

Məmmədova Aytəkin,
Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button