Müstəqil Azərbaycan Ulu Öndərin siyasi idealının zirvəsidir
Tarixi Azərbaycan torpaqları daima xarici müdaxilələrə məruz qalmışdı. Nəticədə xalqımız uzun tarixi dövrlərdə öz müstəqilliyini qorumaq üçün milli-azadlıq mübarizəsini aparmış və öz istiqlaliyyətini qorumuşdu. Xalq olaraq yaşadığımız tarixi sınaqlar bizə güclü, bərabərlik, birlik içində olmağı öyrətmişdi. Milli kimliyimizin, dilimizin, milli adət-ənənələrimizin qorunması uğrundakı mübarizəmiz hər zaman xalqımızın yetişdirdiyi qəhrəman şəxsiyyətləri tariximizə hədiyyə etmişdi. XX əsrin sonlarında mürəkkəb tarixi, siyasi vəziyyətlə qarşılaşan xalqımız çətin günlər yaşayırdı. Hər sabahı müəmmalı günə açmaq yorğunluq və ümidsizliyə səbəb olurdu. Belə məqamlarda xalqı ardınca aparacaq, ona müstəqil və azad gələcək vədd edən şəxsiyyətlər bütün təhlükələri gözə alaraq xalqı üçün səfərbər olmağı seçir. XX əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev də xalqının müstəqilliyini, milli dəyərlərini qorumağı yaşam qayəsinə çevirdi. Çətin tarixi siyasi şəraitdə güclü Azərbaycan ideyasına köklənən Ulu Öndər bunun üçün yorulmadan çalışdı. Dövlət müstəqilliyi təhlükədə olan, xarici işğala məruz qalan Azərbaycan çətin sınaqdan keçirdi. Ölkəni dağıtmaq istəyən insanların hiyləgərcəsinə həyata keçirdiği planları puça çıxaranda Heydər Əliyev siyasəti oldu. Dövrün tələbləri dəqiqliklə təhlil edərək xalqının rifahını təmin etmək istiqamətində ən doğru qərarları verərək bugünün regiondakı güclü Azərbaycan simasının təməlini hazırladı. Ümumilli Lider Heydər Əliyev çıxışlarında müstəqilliyi əldə etməkdə daha çətini onu qoruyub saxlamaq olduğunu ifadə etmişdi. Heydər Əliyevin söylədiyi kimi “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”
Müstəqil və güclü dövlət idealı xalq və dövlət birlik olduqda reallığa çevrilir. Azərbaycan xalqı ilk gündən Heydər Əliyev siyasətinə öz sadiqliyini nümayiş etdirmişdi. Onun xalqımızın xilaskarı olduğuna inanmışdı. Tarixi zamanda bunu sübuta yetirdi. Heydər Əliyev xalqını çox ağır keşməkeşli dövrün caynaqlarından qopararaq bugünkü müstəqil, güclü Azərbaycana yetirdi. Müstəqilliyin qorunmasında xalqın rolunun xüsusilə qeyd edən Ulu Öndər “Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının – hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var” – fikirlərini səsləndirmişdi.
İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün güclü ordunun yaradılması, bu səbəbdən də ordu siyasətinə xüsusi önəm verən Heydər Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyinə daim inanmış və bunun uğrunda mübarizə aparmışdı. “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” Nəhayət 2020-ci ildə Heydər Əliyevin əsasını qoyduğu İlham Əliyevin uğurla davam etdirdiyi siyasət öz bəhrəsini verdi. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Düşmənlərimizi həm döyüş meydanın da, həm də siyasi arenada məğlub etdik. Bugün güclü Azərbaycan ordusu Ulu Öndərin uzaqgörənsiyasətinin canlı nümunəsidir. Xalqı birlik və bərabərlik idealı ətrafında birləşdirmək gücü ancaq dahi şəxsiyyətlərə bəxş edilər. Ulu Öndər bunu çox mürəkkəb siyasi proseslərdən keçərək qoruyub saxladı. Və bugünkü gəncliyə hədiyyə etdi.
2001-ci il 17 oktyabr “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdə nitqində Ümumilli Lider Heydər Əliyev müstəqilliyimiz əbədi olacağını bu torpaqlarda daima bayrağımızın dalğalancağını ifadə etmişdi. “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi