Analitika

Münxendə beynəlxalq ictimaiyyətə mühüm mesajlar verildi

Bu il keçirilən Münxen Təhlükəsizlik Konfransında 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən 90 nazir iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, Avropanın və dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Azərbaycanın Avropaya həm təbii qaz, həm də bərpaolunan enerji ixracı planları uğurla icra olunmaqdadır. Artıq Avropa ölkələri Azərbaycanın etibarlı tərəfdaş olduğunu birmənalı olaraq bildirirlər. Azərbaycanın Avropaya qaz ixracını artırmasının və enerji təhlükəsizliyinin təmin olunmasının siyasi tərəfi də var. Nəzərə almaq lazımdır ki, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri siyasi paradiqmalar doğurur. Bu əməkdaşlıq təbii müttəfiqlik mühiti yaradır və tərəflər bir-birinin təhlükəsizliyində maraqlı olur. Əlbəttə, öz enerji təhlükəsizliyini Azərbaycanın hesabına təmin etməyə çalışan Avropa ölkəmizdə siyasi sabitliyin davamlı və hər hansı bir təcavüzə qarşı dayanıqlı olmasında maraqlıdır. Bu fakt öz növbəsində Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və siyasi dəstək qazanmasına imkan yaradacaq.

Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirdiyi kimi  “Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək. Enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır”.

Münxen Təhlükəsizlik Konfransında beynəlxalq ictimaiyyət Azərbaycanın dünya üçün vacib ölkə olduğunu, ədalətli yanaşmalarını, sülh və təhlükəsizlik naminə səylərini gördü. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik nailiyyətdir.

Rəna Süleymanlı,
YAPın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button