AnalitikaGündəmSiyasət

Mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayətlər

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biri yazıldı. Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdilər. Bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdü.
Xocalı Qarabağ bölgəsində mühüm strateji mövqeyə malik idi. Şəhər bölgənin yeganə hava limanının yerləşdiyi ərazi olmaqla yanaşı, kommunikasiya xətlərinin kəsişməsində yerləşirdi. Məhz bu səbəbdən Xocalı Ermənistan silahlı qüvvələrinin əsas hədəflərindən birinə çevrilmişdi. Şəhər 1991-ci ilin payızından etibarən tam mühasirədə saxlanılır, elektrik enerjisi, su, ərzaq və tibbi yardımın çatdırılması kəsilirdi.
1992-ci il fevralın 25-də axşam saatlarından başlayaraq Xocalıya ağır artilleriya atəşləri açıldı. Gecə saatlarında şəhərə hücum edən erməni silahlı dəstələri dinc əhalini kütləvi şəkildə qətlə yetirdi. Qaçmağa çalışan sakinlər meşələrdə, dağ yollarında pusquya salınaraq güllələndi, işgəncələrə məruz qaldı. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürüldü.
Rəsmi məlumatlara görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülmüşdür. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə ahıl idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə uzun müddət naməlum qalmışdır. Bu rəqəmlər Xocalı faciəsinin miqyasını və dəhşətini açıq şəkildə göstərir.
Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə müharibə cinayəti və soyqırımı aktı kimi qiymətləndirilməlidir. Lakin beynəlxalq ictimaiyyət bu cinayətə lazımi siyasi-hüquqi qiymət verməmişdir. Bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açılmış, 1994-cü ilin fevralında Azərbaycanın Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş və fevralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutmuş, Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən aparılan ardıcıl və sistemli fəaliyyət, o cümlədən, Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanımış, parlamentlər səviyyəsində müvafiq qərar və qətnamələr qəbul edilmişdir.
Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına silinməz iz salmışdır. Hər il fevralın 26-da ölkəmizdə və dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. Azərbaycan Respublikasında bu gün ümummilli matəm günü kimi qeyd olunur. Saat 17:00-da ölkə üzrə Xocalı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilir. Həmin anda bütün ölkə ərazisində nəqliyyat vasitələri dayanır, insanlar bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad edir, siqnallar səsləndirilir. Bu, xalqımızın Xocalı faciəsini unutmadığını və unutmayacağını nümayiş etdirən güclü mənəvi və ictimai rəmzdir. Xocalı faciəsi yalnız keçmişin acı xatirəsi deyil, həm də Azərbaycanın ədalət və haqq mübarizəsinin simvoludur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qarabağ və Şərqi Zəngəzur bölgəsində, o cümlədən Xocalı rayonu ərazisində dövlət suverenliyi təmin olundu. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa edildikdən sonra Xocalı şəhəri və ətraf ərazilər üzərində dövlət nəzarəti bərqərar edildi. Xocalı artıq işğaldan azad edilmiş, Azərbaycan dövlətinin tam hüquqlu idarəçiliyi altında bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur.
Bu gün Xocalı faciəsinin qurbanlarının ruhu azaddır, çünki Xocalı torpağı işğaldan azad olunmuş, Azərbaycan Bayrağı bu müqəddəs torpaqlarda ucaldılmışdır. Xocalı şəhidlərinin qanı yerdə qalmamış, Azərbaycan dövləti tarixi ədaləti bərpa etmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, Xocalı isə yenidən dirçələn və inkişaf edən Azərbaycan torpağı kimi gələcək nəsillərə miras qalacaq.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button