Analitika

Mühüm logistik layihə

1993-cü ildə Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana olan dəstəyi çərçivəsində Ermənistan ilə sərhədini bağladığına görə Qars-Gümrü-Tbilisi dəmiryolu da fəaliyyətini dayandırmışdır. Bağlanan bu yola alternativ olaraq Azərbaycan ilə Türkiyə arasında Gürcüstan üzərindən dərmiyolu xəttinin çəkilişi ilk dəfə olaraq 1993-cü ilin iyulunda müzakirə olunmuş, tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngitmişdir. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxmış və tikintinin maliyyələşdirilməsindən imtina etmişlər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilmiş və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürmüşdür. Nəhayət, 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulmuşdur.

Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcdir.

30 Oktyabr 2017- ci il tarixində Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilmişdir. Dəmir yolu Mərkəzi Asiya ölkələrinin- Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Bu da, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcəkdir. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Hazırda sözügedən layihə üzrə genişləndirmə işlərinin birinci mərhələsinin rəsmi olaraq istismara qəbul olunması aktı Gürcüstanın aidiyyəti dövlət qurumu tərfindən imzalanmışdır. Artıq əməliyyatların səmərəliliyini təmin etmək üçün birgə müəssisənin yaradılması üzərində də çalışmalara başlanılmış bu layihənin 2024-cü ilin birinci rübündə bütövlükdə sona çatdırılması planlaşdırılır.

Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması dövlətimizin iqtisadi inkişafı baxımında böyük nailiyyətdir!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button