Analitika

Mühüm karbohidrogen ehtiyatlarına malik Azərbaycan, böyük yaşıl enerji ehtiyatlarını özündə cəmləşdirib

Son dövrlərdə dünyada baş verən mühüm dəyişikliklər, Rusiya və Ukrayna arasında davam edən məlum müharibə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi təsir göstərib. Xüsusilə Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Avropa ölkələrinin enerji təminatı üçün alternativ enerji idxalı mənbələri sırasında Azərbaycan ilkin yerlərdən birini tutur. Mühüm karbohidrogen ehtiyatlarına malik Azərbaycan, eyni zamanda böyük yaşıl enerji ehtiyatlarını özündə cəmləşdirib. Bu cür enerji potensialından istifadəni prioritet istiqamətə yönəldən Azərbaycan Prezidenti çox qısa müddətdə təşəbbüskarı olduğu Yaşıl Enerji Məşvərət Şurasını da etibarlı tərəfdaşlığın əsas müzakirə predmetinə çevirib. Bu sahədə ilk addım kimi ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Azərbaycanın istehsal etdiyi (yaşıl enerji) elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkilərək Avropaya çatdırılacaq. Bu isə o deməkdir ki, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin daha dolğun şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Qeyd edək ki, artıq bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılmağa başlanılıb. Xüsusilə işğaldan azad olunmuş ərazilərin ölkə başçısı tərəfindən yaşıl enerji zonası elan edilməsi partnyor şirkətlərin bu işə marağını artırıb. Belə ki, Azərbaycanın enerji investisiyalarında mühüm payı olan BP-nin artıq Cəbrayılda 230 meqavatlıq yeni günəş enerji stansiyasının tikilməsi haqqında qərarı bu sahəyə öz töhfəsini verəcək. Zəngəzur dəhlizi vasitəsilə ötürülməsi nəzərdə tutulan enerji xətti üçün artıq Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerjini toplayacaq bu stansiya, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda quraşdırılacaq günəş və külək enerjisi stansiyalarından əldə olunacaq enerjini ixrac üçün yönəldəcək. Adıçəkilən regionların yaşıl enerji potensialı isə hesablamalara görə 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Ümumilikdə isə azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək ki, onların da artıq 5-i istismara verilib.

Digər tərəfdən ölkəmizin bərpa olunan enerji potensialında Xəzər dənizinin də mühüm rolu var. Mütəxəssislərə görə, Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qiqavat təşkil edir. Bunu da qeyd edək ki, külək potensialına malik olan ərazilərimiz içərisində Kəlbəcər və Laçın rayonları da böyük əhəmiyyət daşıyır. Cəbrayıl və Naxçıvan Muxtar Respublikası isə ölkəmizdə günəşli günlərin daha çox olduğu ərazilər kimi tanınır ki, bu da perspektivdə hər iki bölgədə günəş elektrik stansiyalarının qurulmasını qaçılmaz edir. Ümumilikdə isə Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Artıq ölkəmizin strateji investorlarından biri 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır ki, bu enerjinin də 80 faizi ixrac olunacaq.

Təbii ki, Azərbaycanın enerji potensialı və ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi siyasət ən yüksək səviyyədə təqdir olunur.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button