Müharibədən sonra da beynəlxalq aləmdə siyasi iradə nümunəsi sərgilədik
Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir.
Azərbaycanın xarici siyasət strategiyası ilk növbədə xalqımızın üzləşdiyi problemlərin, xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməsinə, ölkəmizin dövlətlərarası, regional və beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, dünya birliyinə sıx inteqrasiyasına yönəldilmişdir. Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır. Cənubi Qafqaz regionu üzərindən transsərhəd nəqliyyat və kommunikasiya dəhlizlərinin çəkilişi təşəbbüsləri, bir tərəfdən, Azərbaycanın tranzit imkanlarını, iqtisadi potensialını genişləndirmiş, digər tərəfdən, həmin layihələrə bir sıra strateji əhəmiyyətli dövlətləri cəlb etməklə ətrafına tərəfdaşlar toplamışdır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında dayanan əsas vəzifə qalib olduğunu dünyaya sübut etmək idi. Artıq demək olar ki, bu reallıq bütün dünya dövlətləri tərəfindən qəbul edilib. Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Lakin dünyanı bürüyən iqtisadi böhranın ölkəmizdən yan keçməməsinə baxmayaraq cənab Prezident dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirə bildi. Belə ki, minimum əmək haqqının, təqaüdlərin artması, iqtisadi imkanlarımızı artıracaq. Bundan əlavə özünəməşğulluq proqramı vasitəsilə 60 mindən çox ailə bu proqramdan yararlana bilir. Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı