AnalitikaGündəm

Müasir dövrdə Azərbaycan mətbuatı yeni texnologiyaların tətbiqi ilə daha da inkişaf edir

XIX əsrin sonlarında keyfiyyətcə yeni istiqaməti mənimsəmiş, qarşısına yeni məqsədlər qoymuş “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (1880-90-cı illər) qəzetləri işıq üzü gördü. Bütün bunlar isə artıq Azərbaycanda mətbuat tarixinin inkişafının dönməz olduğunu göstərməklə dövrün də tələblərinə uyğun olaraq Azərbaycan mətbuatının tarixi ənənələrini formalaşdırmağa başladı. Bu dövr həm də onunla xarakterik oldu ki, əslində, mətbuat müəyyən dəyərlərə xidmət vasitəsi kimi formalaşdırılırdısa, müəyyən mərhələdən sonra mətbuat özü elə bir dəyərə çevrildi ki, artıq onunla hər kəs hesablaşırdı. Bundan sonrakı illərdə Azərbaycanda “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan “ (1918) kimi qəzetlər, 1906-cı ildə isə “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində mətbuatın kütləviləşməsi dövrüdür. Buna paralel olaraq həmin dövrdə cəmiyyətin təşkilatlanmasının baş verdiyini də görürük. Artıq Qərbdə o dövrdə populyar olan ideya və ideologiyalar, demokratçılıq, sosial demokratçılıq, sonrakı mərhələdə kommunizm kimi siyasi və ideoloji dəyərlər Azərbaycan cəmiyyətində mətbuat vasitəsilə yayılmağa başladı. XX əsrin əvvəllərində müxtəlif qəzet və jurnallar mövcud ictimai-siyasi sistemin keyfiyyətini dəyişəcək, eyni zamanda, yeni mentalitet əsasları formalaşdıracaq bir missiyanı öz üzərlərinə götürmüşdülər və buna nail olmağa çalışırdılar. O dövrdə tənqid kimi yararlı bir tendensiya da meydana gəldi ki, biz bunun bariz nümunəsi kimi “Molla Nəsrəddin” jurnalında işıq üzü görən yazıları misal çəkə bilərik. Bu dövrdə Azərbaycan mətbuatının inkişafı elə bir tarixi mərhələyə qədəm qoydu ki, o, təkcə Cənubi Qafqazda yaşayan azərbaycanlıların, türklərin deyil, digər müsəlmanların da mətbu tələbatını ödəməyə başladı. Diqqət etsək, görərik ki, regionda dominantlıq edən Azərbaycan xalqı ilə bərabər, digər çoxsaylı müsəlman xalqları da yaşayırdılar və onların hamısının da ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb əlifbası olduğu üçün mütləq şəkildə Azərbaycan mətbuatının yaxşı mənada təsirinə məruz qalırdılar. Onlar da maariflənirdilər, dünyada baş verən hadisələrdən xəbər tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkcə Azərbaycan mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyyələndirilməlidir. Müasir dövrdə Azərbaycan mətbuatı yeni texnologiyaların tətbiqi ilə daha da inkişaf edir. Sosial media platformalarının yaranması ilə jurnalistlər daha geniş auditoriyaya çatmaq imkanı əldə edirlər. Bu platformalar vasitəsilə xəbərlər sürətlə yayılır və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müzakirə edilir.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button