AnalitikaGündəmSiyasət

Müasir Azərbaycanın Qəhrəman Lideri: İlham Əliyev

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük hərbi əməliyyatlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında dönüş nöqtəsi olmuşdur. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələri həm döyüş meydanında, həm də strateji hədəflərin planlaşdırılmış şəkildə ələ keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü əməliyyatlar həyata keçirmişdir.

Tarixi keçmişə nəzər yetirdikdə bu münaqişənin başlanğıcı XX əsrin sonlarına təsadüf edir.1980-ci illərinin sonları və 90-cı illərinin əvvəlləri Azərbaycan tarixində mürəkkəb geosiyasi proseslərin intensivləşdiyi dövr kimi səciyyələnir. Bu mərhələdə Ermənistan Respublikası Azərbaycanın tarixi ərazilərinə dair əsassız ərazi iddiaları irəli sürmüş və bu iddialar nəticə etibarilə silahlı qarşıdurmaya çevrilmişdir. Daxili siyasi qeyri-sabitlik və idarəetmədəki böhran vəziyyətindən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal etmişdir. Aparılan hərbi əməliyyatlar və sistemli şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz daimi yaşayış məskənlərini tərk etməyə məcbur olmuş, genişmiqyaslı humanitar fəlakət meydana gəlmişdir.

Azərbaycan Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün hüquqi-siyasi nəticələrinin aradan qaldırılması məqsədilə beynəlxalq müstəvidə aparılan danışıqlar prosesi uzunmüddətli xarakter daşımışdır. Təxminən otuz ilə yaxın davam edən bu mərhələdə BMT Təhlükəsizlik Şurasında müxtəlif diplomatik təşəbbüslər irəli sürülmüşdür. Bununla belə, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqların substansiyasından yayınması və qəbul edilmiş beynəlxalq-hüquqi öhdəliklərə əməl etməməsi nəticəsində sülh prosesinin reallaşması mümkün olmamış, münaqişə uzun müddət ərzində həllini tapmamışdır.

2019-cu ildən etibarən Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyinin ritorikasında və praktiki fəaliyyətində müşahidə olunan tendensiyalar münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesinə ciddi zərbə vurmuşdur. Rəsmi İrəvan tərəfindən ardıcıl şəkildə səsləndirilən aqressiv və təxribat xarakterli bəyanatlar, habelə regiondakı təhlükəsizlik balansını pozmağa yönəlmiş addımlar beynəlxalq vasitəçilik səylərinin iflasa uğramasına səbəb olmuşdur. Beləliklə, Ermənistan tərəfinin davranış modeli onun əsas məqsədinin konstruktiv dialoqa deyil, mövcud status-kvonun qorunmasına və Azərbaycan Respublikasının suveren əraziləri üzərində qeyri-qanuni nəzarətin saxlanılmasına yönəldiyini bir daha nümayiş etdirmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri bir daha pozulmuşdur. Belə ki, Ermənistan tərəfi müxtəlif tipli silahlardan, xüsusilə də ağır artilleriya sistemlərindən istifadə etməklə Azərbaycan Respublikasının bir sıra yaşayış məntəqələrinə və hərbi mövqelərinə eyni vaxtda yönəlmiş genişmiqyaslı hücumlar həyata keçirmişdir. Bu təxribat xarakterli hərbi əməliyyatlar nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında insan tələfatı qeydə alınmış, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə qarşı ciddi hərbi təhdidlər meydana çıxmışdır.

Mövcud vəziyyətə adekvat cavab olaraq, Azərbaycan Respublikası beynəlxalq hüququn “özünümüdafiə hüququ” prinsipinə əsaslanaraq, dövlətin ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə əks-hücum xarakterli hərbi əməliyyatlara başlamışdır. Bu əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həyata keçirilmiş və ölkənin suveren hüquqlarının bərpasına yönəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 27 sentyabr 2020-ci il tarixində imzalanmış Fərmana əsasən ölkə ərazisində hərbi vəziyyətin tətbiqi qərara alınmışdır. Eyni zamanda, qismən hərbi səfərbərlik elan edilmiş, hərbi əməliyyatların təşkilinə və həyata keçirilməsinə dair müvafiq strateji qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən etibarən həyata keçirilən əks-hücum əməliyyatları qısa müddət ərzində əhəmiyyətli hərbi-strateji nəticələr vermişdir. Əməliyyatların ilk mərhələsində bir sıra rayon və yaşayış məntəqələri, eləcə də mühüm coğrafi və hərbi-strateji mövqelər işğaldan azad edilmiş, bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi olmuşdur.

44 günlük müharibə və hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Silahlı Qüvvələri əhəmiyyətli hərbi-strateji uğurlara nail olmuşdur. Bu əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayon mərkəzləri, habelə Qarabağın simvolik, mədəni və tarixi əhəmiyyətə malik mərkəzi hesab olunan Şuşa şəhəri işğaldan azad edilmişdir. Eyni zamanda, Zəngilan rayonunun Mincivan, Ağbənd və Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və ətraf kəndlər, Tərtər rayonunun Suqovuşan kəndi, eləcə də Xocalı və Laçın rayonlarının bir sıra yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Ümumilikdə, yaşayış məntəqələrinin bərpası və azad olunması ilə yanaşı, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən strateji yüksəkliklər də Azərbaycan ordusunun nəzarəti altına alınmışdır. Bu hərbi əməliyyatlar yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də strateji mövqelərin ələ keçirilməsi və regiondakı təhlükəsizlik balansının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli əsgər və zabitləri döyüş əməliyyatları zamanı mərhələli şəkildə irəliləyərək, Ermənistan tərəfindən uzun illər ərzində qurulmuş mühəndis-istehkam sistemlərini dəf etmişdir. Bu proses nəticəsində Azərbaycanın işğal altında qalmış əraziləri strateji planlaşdırma və hərbi əməliyyatların dəqiq icrası ilə bərpa edilmiş, 44 gün ərzində torpaqların azad olunması isə milli qəhrəmanlıq və şəhidlərin fədakarlığı hesabına reallaşmışdır.

2021-ci il 27 sentyabr Anım Günü ilə əlaqədar xalqa müraciətində Ali Baş Komandan İlham Əliyev demişdir: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini bitirmiş, Azərbaycanın milli təhlükəsizliyi və hərbi-strateji inkişafı sahəsində dərin təcrübəyə malik rəşadətli sərkərdə, Dəmir iradəli Ali Baş Komandan İlham Əliyev, strateji hərbi idarəetmə və analitik bacarıqları ilə beynəlxalq səviyyədə seçilən lider olaraq, öz fəaliyyətində ölkənin ərazi bütövlüyünün qorunması, Silahlı Qüvvələrin gücləndirilməsi və milli maraqların təmin olunmasını əsas prioritet kimi müəyyən etmişdir.

Cəfərova Səbinə
Bakı Slavyan Universiteti

Oxşar Xəbərlər

Back to top button