Analitika

Möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılışı Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə İran Prezidenti vurğulayıb “Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür”. Azərbaycan Prezidenti də bu tarixi görüşün önəmini xüsusi vurğulayaraq qeyd edib “Bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. dünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək.

İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbəti addım olacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında “Qız qalası” hidroqovşağının açılışını və “Xudafərin” hidroqovşağının istismara verilməsini tarixi hadisə adlandıraraq bildirib “Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb”.

Dövlətimizin başçısı İran-Azərbaycan dostluğunun və qardaşlığının önəmini vurğulayaraq qeyd edib “Bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Prezident İlham Əliyev ölkələrimizi birləşdirən əməkdaşlıqda nəqliyyat layihələrinin rolunu xüsusi qeyd edib “Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib.

Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb.

Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik.

Həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq.

Araz çayının hər zaman İran və Azərbaycan, xalqlarımız arasında bağ olduğunu vurğulayan Prezident Seyid İbrahim Rəisi qeyd edib ki, “İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir”. İki ölkə arasındakı əlaqələrin İran üçün də çox önəmli olduğunu qeyd edən Seyid İbrahim Rəisi bildirib ki, energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button