Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi mühüm hadisələrdəndir. İES-in Mingəçevir şəhərində tikilməsi nəticəsində Mingəçevir nəinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətini daha da artıracaq. Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, məhz Ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli atılıb. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başladı. İki ildə 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi. Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Prezidentin çıxışında ən önəmli məqamlardan biri tikiləcək stansiyanın Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəyi ilə bağlı məlumat oldu. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara bərabər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Neft və qazla yanaşı artıq ölkəmizdə istehsal olunan elektrik enerjisi də Avropa məkanına çatdırılacaq.Başqa sözlə desək ölkəmizin enerji potensialı Avropa üçün də yeni imkanlar açacaq.Növbəti illərdə Azərbaycan bütün istiqamətlər üzrə hədəfə çatacaq və neft , qaz layihələrində olduğu kimi bu sahədə də Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı