Analitika

Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir

Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir;

Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində “Mingəçevir” su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır.

Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb. 1957-ci ildə az güclü Varvara SES işə düşdükdən sonra ikisi birlikdə “Mingəçevir SES silsiləsi” adlanır. Mingəçevir su anbarı 1953–1959-cu illərdə doldurulub, su tutumu 16070 milyon m³-dir. Dəryaçanın uzunluğu 70 km, eni 13–18 km-dir. Su anbarının tikilməsi və iki kanalın çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaratmış, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırmışdır. “Mingəçevir SES silsiləsi”ndə 165 nəfər işçi çalışır. Stansiyanın tərkibinə 110, 220 və 330 kilovoltluq paylayıcı yarımstansiyalar daxildir.

Texniki göstəriciləri:

6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 420 MVt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kVts-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir. O işlənən materialların həcminə görə, həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.

Su qovşağına 3 gözdən ibarət suaşıran beton bənd (bir açıq kanalı ilə eni 30 m), 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən qurğu (uzunluğu 66 m), 4 qapalı beton boru ilə 4 gözdən ibarət suaşıran qurğu (uzunluğu 47 m), torpaq bənd (uzunluğu 1550 m, hündürlüyü 80 m), Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalına su qəbul edən bir gözlü qurğu daxildir.

Bənd Mingəçevir su anbarını əmələ gətirmişdir. Su qovşağı Kür-Araz ovalığında 970 000 ha sahəni suvarmağa imkan yaratmış, 200 000 ha sahənin isə su altında qalmaq təhlükəsini birdəfəlik aradan qaldırmışdır.

Dövlət başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə saldı. Bildirildi ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.

Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.

Ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilib, 5 mindən çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.

Ələsəgərova Əntiqə,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button