Analitika

Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir.

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata verdiyi bəyanatı ilə əlaqədar olaraq vurğulanıb: Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək.Konkret layihələrin müzakirəsinə başlanılacaq. On min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb.

Cari ilin 30 yanvar tarixində Budapeştdə imzalanmış Azərbaycan-Macarıstan sənədləri:

– Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə;

– “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”.

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında:

“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”; “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən dərc edilən “Empowering lives, building resilience” jurnalında Azərbaycan ərazilərinin minalardan təmizlənməsi sahəsində görülən işlərdən bəhs edən “Azərbaycan: Minatəmizləmə prosesində dövlətin gücü” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunur:

“Minaları yerləşdirmək asan, təmizləmək isə olduqca çətindir. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, bu torpaqlardan səmərəli istifadə işinə mane olur.

Azərbaycan Respublikası da münaqişə bölgəsi olaraq ərazilərini minalardan təmizləmək uğrunda mübarizə aparan çoxsaylı ölkələrdən biridir. Mina hərəkatının bir üsulu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək olduğundan BMT-nin İnkişaf Proqramı mina hərəkatının onilliklər boyu davam edə biləcəyini qəbul edərək Azərbaycanın öz milli agentliyini yaratmaq cəhdlərini dəstəkləmişdir. Ərazilərin minadan təmizlənməsinə qədər çadır düşərgəsində yaşayan Zobcuq kənd sakini Fəxrəddin Məhərrəmov təhlükəsiz şəkildə öz evinə qayıtmışdır. O deyir: “Heç bir qorxu olmadan evlərimizə qayıtmağa və tarlalarımızda işləməyə olduqca şadıq”.

Günay Qədimova,
Xəzər rayonu, 262 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button