Milli Qurtuluş Günü

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir.Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar.
Öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyevin müəllifliyi ilə ötən əsrin 90-cı illərinin ortalarından etibarən müstəqillik salnaməmizin şərəfli səhifələrinin yazılmasına başlanıldı. Ulu Öndər özünün zəngin siyasi təcrübəsi ilə müasir dövlətçiliyimizin etibarlı təməllərini yaratdı, respublikamızı beynəlxalq hüququn tamhüquqlu üzvünə çevirdi. Həyata keçirilən məqsədyönlü islahatlarla cəmiyyət həyatının bütün sahələrində inkişafın, hüquqi dövlət quruculuğunun əsası qoyuldu.Görkəmli dövlət xadimi fəaliyyətinin 1993-2003-cü illərində Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, müstəqil Azərbaycanı bəxş etdi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir.Ulu Öndər Heydər Əliyevin dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində reallığa çevrildiyi kimi, digər arzuları da çin olacaq. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır.
Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.
Ayşən Kazımova,
Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktor müavini