Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
“Dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilən Azərbaycan Ordusu yaranmasının 105-ci ildönümünü qeyd edir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Ümummilli lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilmişdi”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, milli ordumuzun inkişaf tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı”.
“Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Rəşadətli Azərbaycanın Ordusu şanlı Qələbəni təmin etməklə bir daha döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyan Azərbaycan Ordusunun gücü beynəlxalq səviyyədə etiraf olundu. Sirr deyil ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmadı, yaralı əsgər və zabitlər isə tezliklə sağalıb, döyüş meydanına qayıdıb, öz missiyasını başa vurmaq üçün can atırdı. Bunun da səbəbi heç şübhəsiz ki, xalq-ordu birliyi idi. Vətən müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşmişdi və “Dəmir yumruq”da Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzinə çevrilmişdi. Şübhə yoxdur ki, bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.