AnalitikaGündəmSiyasət

Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər

Əsası 1875-ci il 22 iyulda “Əkinçi” qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib. Maarifçi və jurnalist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Şərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və sair kimi nəşrlər məhz “Əkinçi” ənənələrini davam etdirmişdir.

Mətbuat bütün dövrlərdə həqiqətlərin çarçısı kimi çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqillik və azadlıq ideyalarının, Sovet hakimiyyəti illərində kommunist ideyalarının, xalqın zəngin milli adət-ənənələrinin təbliğində böyük rol oynamışdır. Baxmayaraq ki, o dövr çox sərt ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunmuşdur, amma mətbuat milli dəyərlərin qorunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin ilk illərdə ölkəmizə idarəçilikdən xəbərsiz insanların rəhbərliyi digər sahələrdə olduğu kimi, mətbuatda da uğursuzluqlara yol açdı. Belə çətin, siyadi durumun gərgin, xaosun, özbaşınalıqların, anarxiyanın hökm sürdüyü bir zamanda mətbuatın inkişafından, azad sözə, fikrə dəyərdən danışmaq mümkün deyildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə inkişafın, yeni mərhələnin əsasını qoydu. 1993-cü ildən başlayaraq Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində davamlı xarakter aldı. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə birbaşa bağlıdır. Mətbuat ictimai nəzarətin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan mediası müasir dövrdə daha geniş imkanlara malikdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə senzuranın ləğvi milli mətbuat tarixində mühüm dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev də söz və fikir azadlığının inkişafına xüsusi önəm verir. Media cəmiyyətlə dövlət arasında açıq dialoqun qurulmasına kömək edir. Sağlam informasiya mühiti vətəndaş fəallığını artırır. Jurnalistlərin məsuliyyətli fəaliyyəti demokratik dəyərlərin möhkəmlənməsinə xidmət edir. Milli Mətbuat Günü bu prinsiplərin əhəmiyyətini bir daha xatırladır.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button