Milli həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir.
Hər bir xalqın milli varlığının əsas şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Tarix dönə-dönə sübut etmişdir ki, həmrəylikdən, etnik-siyasi mütəşəkkillikdən məhrum olan xalqlar tez-gec güclü millətlərin təsiri altına düşərək assimilyasiya olunur və öz milli simasını itirir. Müasir dünyanın qabaqcıl xalqlarından, millətlərindən biri olmaq üçünsə güclü milli əzm, siyasi iradə nümayiş etdirmək, bir millət kimi beynəlxalq nüfuz qazanmaq lazım gəlir. Odur ki, həm öz tarixi Vətənində – Azərbaycanda yaşayan, həm də bu və ya digər səbəbdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar xalqımızın, millətimizin gələcəyi naminə möhkəm həmrəylik və mütəşəkkillik nümayiş etdirməlidir.
Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir. Dünya azərbaycanlılarına müraciətində dövlətimizin diaspor quruculuğuna böyük diqqət yetirdiyini bildirən Prezident İlham Əliyev həmçinin, həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən razılığını ifadə edib: Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır.
Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb.
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların mədəni-siyasi birliyi, həmrəyliyi müstəqil Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının mənafeyinə uyğundur və onun əsas strateji məqsədlərindən biridir. Ona görə də Vətəndən ayrı düşmüş hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfmi qorumağa həmişə hazır olan bir dövlət – Azərbaycan Respublikası vardır. Azərbaycan dövləti Azərbaycan xalqının tarixən dünya mədəniyyətinə verdiyi zəngin maddi, mənəvi-əxlaqi, ideoloji sərvətlərin, Azərbaycan adının etibarlı müdafiəçisi və sahibidir.
Bu gün Azərbaycan öz tarixinin ən parlaq dövrünü, xalqımız isə ən qürülu günlərini yaşamaqdadır. 2020-ci il Azərbaycan tarixinə Böyük Zəfər ili kimi qızıl hərflərlə yazılaraq dövlətimizin siyasi və hərbi gücünü ortaya qoymuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri ilə desək, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Bu gün harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün dünya azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir Vətəni təmsil edir. Azərbaycan xalqı bundan sonra da ümummilli ideya – müstəqil Azərbaycan dövlətçiliyi, vahid milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşərək yeni zəfər tarixi yazacaqdır.
Yaşasın dünya azərbaycanlılarının sarsılmaz həmrəyliyi və birliyi!
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı