Analitika

Milli dövlətçilik ənənələri

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə mənsubluq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir.

Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkəşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi.

1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası çox çətin və mürəkkəb geosiyasi vəziyyətdə fövqəladə iclas çağıraraq geniş müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq barədə qərar qəbul etdi. Bir gün sonra, mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın Dövlət Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini elan etdi.

Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etməli idi. Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam Ordusunun şəxsi heyətinin təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə də soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Ümumiyyətlə, Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. O zaman ümumilikdə 155 parlament iclası keçirilib ki, bunun 10-u Azərbaycan Milli Şurasının (27 may – 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olub.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri idi. Çarizmdən miras qalmış inzibati-ərazi bölgüsünün əhalinin milli tərkibinə uyğun gəlməməsi Cənubi Qafqazda yeni yaranmış dövlətlər arasında kəskin ərazi-sərhəd problemləri yaratdı. 1918-ci ildə Azərbaycan və Ermənistan respublikaları yaranana qədər Dağlıq Qarabağın Gəncə quberniyasından çıxmaq, yaxud müstəqil olmaq və ya İrəvan quberniyasına daxil olmaq məsələsi qaldırılmamışdı. Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri və ixtilafları dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi təklif etdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırıldı, lakin Ermənistan hökumətinin nümayəndəsi gəlmədiyi üçün konfrans baş tutmadı.

Qısa müddətdə Milli Ordu quruldu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi, bir çox demokratik müddəaları özündə əks etdirən Qanunlar qəbul olundu. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi” haqqında qərarla təhsil müəssisələrində tədrisin ana dilində aparılmasına başlandı. 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsi ilə Müsəlman Şərqində modern təhsil standartlarına əsaslanan Avropa tipli ali təhsil müəssisəsinin əsası qoyuldu.

1920-ci il mart ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən, İran Azərbaycan Respublikasını de-yure tanıdığını bildirdi. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhədlə vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci il aprel ayının ortalarında Azərbaycan Parlamenti ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi. Bir sıra xarici dövlətlərin nümayəndəlikləri isə Azərbaycanda fəaliyyətə başlamışdı.

Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qırmızı Ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı. Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu.

Bayramova Surayə,
Xəzər rayonu, 121№li məktəbin müəllimi

 

Oxşar Xəbərlər

Back to top button