AnalitikaGündəm

Millətin məhəbbətini qazanmış Ulu Öndər

Bəşəriyyətə mənsub olan ən böyük nemətlər sırasında tarixi şəxsiyyətlər həlledici yer tutur. Xalqların və bütövlükdə dünyanın tarixi dahi insanların ideyaları və fəaliyyətinin məhsuludur desək, yəqin ki, həqiqəti əks etdirmiş olarıq. Bir növ, tarix özü dahilərin fikirləri və bəşəri əməllərinin təcəssümü kimi çıxış edir.

Tarixi şəxsiyyətlər xalqların talelərinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan, onların ideyaları, enerjiləri, fəaliyyətləri ayrı – ayrı dövrlərin inkişaf meyillərini müəyyən edir, tarixin təkanverici qüvvəsi missiyasını yerinə yetirir.

Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danılmaz həqiqətdir. Azərbaycan xalqının ümummilli lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədardır. Azərbaycanın çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu ayrıca qeyd olunmalıdır.

Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın həqiqi intibahı müasirləri olduğumuz dövrə təsadüf edir. Ötən əsrin 70-ci illərindən başlayan unikal inkişaf və yüksəlişdən tutmuş müstəqil Azərbaycan dövlətinin yaranmasınadək mahiyyət etibarilə əzəmətli epoxa məhz Heydər Əliyevin qurtuluş və quruculuq missiyasının məhsulu sayıla bilər.Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliliyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Heydər Əliyevin quruculuq missiyasının təntənəsi kimi müasir Azərbaycanın yaradılması deməkdir.

Heydər Əliyev şəxsiyyətinin və onun tarixi xidmətlərinin əhatəli təhlili bir daha məlum sosioloji qanunauyğunluğu təsdiqləyir ki, xalqlar böyük zəka sahiblərinə həmişə ehtiyac duyur, çünki onlarsız tərəqqinin yeni-yeni mərhələlərini fəth etmək qeyri-mümkündür. Yalnız dahi insanların sayəsində tarixi inkişafa yeni nəfəs gətirilir, həyatın ayrı-ayrı sahələrində, müstəsna hallarda isə bütövlükdə milli yüksəlişin hərəkətverici qüvvəsi olan cəsarətli ideyalar meydana gəlir. Bəşəriyyətın tarixinə nəzər salınsa müşahidə etmək çətin deyildir ki, heç bir xalqın taleyində əzəmətli sıçrayışlar şəxsiyyət feqmenti kimi fundamental amilin iştirakından kənarda baş verməmişdir.Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Möhtəşəm xilaskarlıq, əzəmətli quruculuq missiyasının gözəl bəhrəsi meydana gəldi.Heydər Əliyevin xilaskarlıq missiyası onun Azərbaycanın taleyində uğurla yerinə yetirdiyi digər tarixi vəzifə – quruculuq missiyası ilə qoşa addımlamışdır. Əslində, bunların hər ikisi müəyyən tarixi mərhələdə Heydər Əliyev şəxsiyyətinin miqyasının ifadəsi kimi çıxış etmiş, ölkənin həm mövcudluğunun, həm də inkişafının təminatı vəzifəsini yerinə yetirmişdir.

Xilaskarlıq missiyası Heydər Əliyev şəxsiyyətinin gücünün və qətiyyətinin ifadəsi kimi özünü büruzə verir. Ulu öndərə xas olan gücün mənbəyi onun şəxsi keyfiyyətlərinə bağlı olduğu qədər də xalqdan qidalanırdı. Heydər Əliyevin xilaskarlıq missiyasının əsasında dayanan güc xalqın gücü, iradə isə xalqın iradəsi şəklində təzahür etməklə əzəmətli amilə çevrilirdi.Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası onun xilaskarlıq və quruculuq missiyasının kökündə dayanan ideyaların  praktik fəaliyyətə transformasiya edərək bu gün insanların davranışını stimullaşdırdığını sübuta yetirir. Xilaskarlıq missiyasının ortaya qoyduğu real müstəvidə inkişaf, quruculuq məfkurəsi müasir Azərbaycanın yüksəliş fəlsəfəsində özünü büruzə verir.

Heydər Əliyevin formalaşdırdığı quruculuq məfkurəsi üç fundamental başlanğıca istinad edir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitə kimi çıxış edir. Dahi şəxsiyyət Heydər Əliyevin qurtuluş missiyası Azərbaycan tarixində xilaskarlıq salnaməsini yazdı. Ulu Öndərimizin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Arzusu artıq reallığa çevrildi. Ata vəsiyyətini yerinə yetirən ölkə Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü tam təmin olunub, düşmən işğalından azad edilən torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız əsarətdən xilas edilib.

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, tarixi ədalətin bərpası, Azərbaycanın yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirməsi məhz Ulu Öndər Heydər Əliyev siyasətinin, Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu strategiyasının təntənəsidir.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button