AnalitikaGündəmSiyasət

Məktəbli geyimi və müəllimlərin işgüzar görünüşü: nizam-intizam, dünyəvi təhsil və milli dəyərlər

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Məktəb yalnız bilik və bacarıqların formalaşdığı məkan deyil, həm də milli-mənəvi dəyərlərin aşılandığı, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaşların yetişdirildiyi mühüm ictimai institutdur. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması və təhsilverənlərin geyimi ilə bağlı tələblər yalnız zahiri görünüş məsələsi deyil, həm də məktəbdaxili nizam-intizamın, peşəkar münasibətlərin və sağlam təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər bu məsələnin aktuallığını bir daha göstərir. Dövlət başçısının vurğuladığı kimi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. Müasir dövrdə informasiya texnologiyalarının, sosial şəbəkələrin və süni intellektin sürətli inkişafı uşaqların və gənclərin müxtəlif ideoloji təsirlərlə qarşılaşması ehtimalını artırır. Belə şəraitdə təhsilin əsas vəzifələrindən biri gənc nəslin bilikli, vətənpərvər, müstəqil düşüncəli və milli-mənəvi dəyərlərə bağlı şəxsiyyətlər kimi yetişməsinə şərait yaratmaqdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ideoloji təxribatlara qarşı dayanıqlılığın gücləndirilməsində təhsil və vətənpərvərlik mühüm rol oynayır. Məktəblər bu baxımdan yalnız tədris prosesini həyata keçirən müəssisələr deyil, həm də şagirdlərdə məsuliyyət, qanunlara hörmət, qarşılıqlı anlaşma və ictimai davranış mədəniyyəti formalaşdıran əsas mühitlərdəndir.

Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərliyin qorunmasına, məktəbə aidlik hissinin güclənməsinə və geyimlə bağlı sosial fərqlərin azaldılmasına xidmət edir. Geyimin qiyməti, dəbə uyğunluğu və dəyişdirilmə tezliyi üzərində həddindən artıq diqqətin azalması şagirdlərin diqqətinin əsas məqsədə — təhsilə, şəxsi inkişafa və bilik əldə etməyə yönəlməsinə kömək edir.

Məktəb mühitində şagirdlər ailələrinin maddi imkanlarından və sosial vəziyyətindən asılı olmayaraq özlərini bərabərhüquqlu hiss etməlidirlər. Vahid geyim forması bu baxımdan təkcə xarici görünüş standartı deyil, həm də sosial adaptasiyanın və kollektivə aidlik hissinin formalaşmasına kömək edən vasitədir.

Geyim qaydalarına riayət şagirdlərdən və valideynlərdən məsuliyyət tələb edir. Eyni zamanda, bu qaydalar tətbiq edilərkən uşaqların yaş xüsusiyyətləri və hüquqları nəzərə alınmalı, yaranan anlaşılmazlıqlar maarifləndirmə və qarşılıqlı dialoq yolu ilə həll edilməlidir.

Məktəbdə vahid yanaşma yalnız şagirdlərin geyimi ilə məhdudlaşmamalıdır. Təhsilverənlərin işgüzar görünüşü də təhsil müəssisəsinin təşkilati mədəniyyətinin və peşəkar mühitinin mühüm göstəricisidir. Müəllimin təmiz, səliqəli, sadə və işgüzar üslubda geyinməsi onun peşəsinə məsuliyyətli münasibətini ifadə edir, məktəbdə qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” bu sahədə vahid yanaşmanın formalaşdırılmasına yönəlib. Tələblərə əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalı, onların əmək funksiyalarının icrasına maneə yaratmamalıdır. Müəyyən fənlərin tədrisi zamanı məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi də nəzərdə tutulur.

Bu yanaşmanın məqsədi müəllimin fərdi üslubunu aradan qaldırmaq deyil, məktəbin peşəkar mühitinə uyğun ümumi standartı təmin etməkdir. Müəllimin geyimi onun bilik və pedaqoji bacarıqlarını əvəz etməsə də, peşəkar davranışı ilə birlikdə şagirdlərdə məktəb mühitinə, ünsiyyət mədəniyyətinə və məsuliyyətə münasibətin formalaşmasına təsir göstərir.

Şagirdlər üçün vahid geyim qaydalarının, müəllimlər üçün isə işgüzar üslub tələblərinin müəyyənləşdirilməsi məktəbin ümumi təşkilati mədəniyyətini gücləndirir. Bu, həm də müəllim kollektivində komanda ruhunun və daxili qaydalara hörmətin möhkəmlənməsinə xidmət edir.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsiplər milli və ümumbəşəri dəyərlərin qorunmasını, dünyəvi təhsil sisteminin inkişafını və şagirdlərin hərtərəfli formalaşmasını nəzərdə tutur.

Dünyəvi təhsil dini dəyərlərə hörmətsizlik demək deyil. Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı, dini dözümlülük və qarşılıqlı hörmət ənənələrinin formalaşdığı ölkədir. Məscidlərin və digər dini-mədəni abidələrin bərpası, dini icmalara dövlət dəstəyinin göstərilməsi və beynəlxalq dinlərarası dialoq təşəbbüsləri milli-mənəvi irsin qorunmasına verilən əhəmiyyətin nümunələridir.

Bununla yanaşı, ümumi təhsil müəssisələri dünyəvi xarakterini qorumalı və hər bir uşağın özünü bərabərhüquqlu hiss etdiyi, bilik əldə etdiyi, müstəqil dünyagörüşü formalaşdırdığı məkan olaraq qalmalıdır. Məktəb mühitində geyim qaydaları tətbiq edilərkən təhsilin dünyəvilik prinsipi ilə yanaşı, dini etiqad azadlığı və uşaqların hüquqları da nəzərə alınmalıdır.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarını dini əqidələrinə uyğun tərbiyə edə bilərlər, lakin uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Bu norma uşaqların hüquqlarının qorunmasının və dini məsələlərdə məcburiyyətin yolverilməzliyinin vacibliyini göstərir.

Beləliklə, dünyəvi təhsilin mahiyyəti dini dəyərləri inkar etmək deyil, məktəbdə tədrisin dünyəvi prinsiplər əsasında təşkilini, bütün şagirdlərə bərabər münasibətin təmin edilməsini və uşaqların sağlam dünyagörüşünün formalaşmasını dəstəkləməkdir.

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının səmərəli tətbiqi hüquqi tələblərin düzgün izah edilməsini və onların ardıcıl həyata keçirilməsini tələb edir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə təhsilalanların geyim formalarına dair tələblərə edilən dəyişikliklər, eləcə də təhsilverənlər üçün ayrıca geyim tələblərinin müəyyənləşdirilməsi bu sahədə vahid normativ yanaşmanın formalaşdırılmasına yönəlib.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.15.8-ci yarımbəndinə əsasən, məktəbin daxili intizam qaydalarının təsdiqi direktorun səlahiyyətlərinə aiddir.

Bu hüquqi çərçivə məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin məsuliyyətini artırır. Qaydaların tətbiqində məqsəd yalnız formal tələblərə əməl olunmasını təmin etmək deyil, həm də şagirdlərdə intizam, məsuliyyət və ictimai qaydalara hörmət vərdişləri formalaşdırmaqdır.

Bu prosesdə məktəb-valideyn əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Valideynlər müəyyən edilmiş geyim tələblərinə riayət olunmasını təmin etməli, məktəb rəhbərliyi isə qaydaları aydın şəkildə izah etməli və onların tətbiqində ardıcıllığı qorumalıdır. Hər hansı anlaşılmazlıq yarandıqda uşaqların hüquq və ləyaqətinə hörmət edilməli, məsələlər pedaqoji yanaşma və qanunvericiliyin tələbləri əsasında həll olunmalıdır.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması və təhsilverənlərin işgüzar görünüşü ilə bağlı tələblər məktəbdə vahid yanaşmanın, sosial bərabərliyin, peşəkar münasibətlərin və sağlam təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu tələblərin əsas məqsədi zahiri görünüşü tənzimləməklə məhdudlaşmır; onlar təhsil prosesinə məsuliyyətli münasibətin, məktəbdaxili nizam-intizamın və qarşılıqlı hörmət mədəniyyətinin gücləndirilməsinə xidmət edir.

Azərbaycanın gələcəyi olan uşaqların savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və müstəqil düşüncəli şəxsiyyətlər kimi yetişməsi üçün məktəb, ailə və dövlət arasında əməkdaşlıq möhkəmləndirilməlidir. Dünyəvi təhsil prinsiplərinə, milli kimliyə və insan hüquqlarına hörmət əsasında qurulan məktəb mühiti həm təhsilin keyfiyyətinə, həm də cəmiyyətin gələcək inkişafına mühüm töhfə verə bilər.

Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button