Analitika

Macarıstanla siyasi və iqtisadi əlaqələr strateji xarakter daşıyır

Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf edir, ötən dövrdə iki ölkə arasında 50 əməkdaşlıq sənədi imzalanıb. Ölkələrimiz ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və s. Sahələrdə fəal əməkdaşlıq əlaqələri var. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir.  İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib. Bu gün Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması şübhəsiz, iki ölkənin dövlət başçıları tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir. Macar şirkətləri Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə quruculuq işlərində iştirak etmək əzmində olmalarının məmnunluğunu dəfələrlə qeyd etmişlər. Habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırması iki ölkənin dostluq münasibətlərinin təzahürüdür. Azərbaycanın Şuşa və Macarıstanın Vesperm şəhərlərinin qardaşlaşması ilə bağlı cənab Prezidentin səfəri çərçivəsində sözügedən şəhərlərin idarəçiləri arasında imzalanmış sənəd isə Macarıstan dövlətinin, dost və qardaş macar xalqının Azərbaycana, onun ərazi bütövlüyünə və mədəniyyətinə olan yüksək münasibətinin nümunəsi kimi dəyərləndirilə bilər. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə yönəlməklə yanaşı, Azərbaycanla Macarıstanın ticarət dövriyyəsində bu il 9,2 faiz artım qeydə alındığını, iki ölkənin işgüzar əməkdaşlıq sahəsində də böyük potensiala malik olduğunu göz önündə saxlamaq lazımdır. Birgə səylər nəticəsində Azərbaycan-Macarıstan  əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə şübhə yoxdur. Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Bəyənnamə strateji müttəfiqlik anlamına gəlir və bu, şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycanın müttəfiqlərinin, dostlarının sayının daha da artması, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasətin nəticəsidir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button