Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən işbirliyi bundan sonra da yeni istiqamətdə davam edəcək
Macarıstan ölkəmizin Avropadakı ən yaxın və etibarlı müttəfiqlərindən biridir. Bunu müstəqilliyimizi bərpa etdikdən sonra ölkələrimiz arasında getdikcə artan və keyfiyyətcə zənginləşən qarşılıqlı münasibətlərdə görməmək mümkün deyil. Hələ 1990-cı illərdən başlayaraq iki ölkənin dövlət qurumları və cəmiyyətləri arasında cazibənin artımı özünü davamlı olaraq illərlə genişlənən real qarşılıqlı əməkdaşlıqda göstərib. Siyasi əməkdaşlıq sahəsində dövlətlərimiz arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uzlaşdırılan siyasət kursu, iqtisadi əməkdaşlıq sahəsində imzalanmış onlarla müqavilələr, hökumətlərarası və ayrı-ayrı dövlət, qeyri-dövlət qurumları arasında həyata keçirilən layihələr, mədəni-humanitar sahədə elm, təhsil, nəqliyyat kommunikasiyaları ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq – bütün bunlar Azərbaycan–Macarıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəriciləridir. Ölkələr arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında Azərbaycanın Avropanın bugünkü və gələcək həyatında oynadığı rolun müstəsna əhəmiyyəti, ölkəmizin təşəbbüsləri əsasında həyata keçirilən qitə miqyaslı layihələrin bütün Avrasiya üçün faydaları və eləcə də ikitərəfli əsasda Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən işbirliyinin xalqlarımız üçün əhəmiyyəti barədə açıqlamalar hər iki ölkənin ictimaiyyətində böyük rəğbət doğurdu. Azərbaycanın ənənəvi və müasir yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar bütövlükdə Azərbaycan – Avropa əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında aydın təsəvvür yaratdı.Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında, Macarıstanın Azərbaycandakı səfirliyi isə 2009-cu il yanvarında yaradılıb. Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Macarıstanda hazırda xeyli azərbaycanlılar yaşayır, Macarıstan universitetlərində Macarıstan dövləti hesabına yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Dövlət rəsmilərimiz arasında mütəmadi görüşlər keçirilir. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.Azərbaycanın uzun illər ərzində apardığı uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı. Nəticə etibarilə də iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Həmçinin vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini də Azərbaycan indi canlandırıb. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artıb. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı