Analitika

Litva və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokratik dövlət kimi yaradıldı. Çox az bir müddətdə həyatda qalmasına baxmayaraq, bir sıra əhəmiyyətli işlər həyata keçirdi ki, bütün bunlar da müasir Azərbaycanın təməlini təşkil edirdi. 1991-cı il 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında müstəqil xarici və daxili siyasətin əsası qoyuldu. Xarici siyasətdə əsas vəzifələr ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə, həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etməkdir. Bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitmək, regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək, xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək, xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu kimi təşkilatlarda fəal iştirak etməkdir.

Hazırda Azərbaycan Respublikasının 170-dən çox ölkə ilə xarici ticarət əlaqələri mövcuddur. Litva ilə diplomatik əlaqələr 27 noyabr 1995-ci ildə qurulmuşdur. Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında fəal siyasi dialoqlar aparılır. 2022-ci il 18 mayda Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri zamanı Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir. Forum zamanı Litvanın Klaypeda dəniz limanının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır. Liman yerləşən zonada dəniz buz bağlamır və o, Baltik dövlətləri arasında ən böyük limandır. Həmçinin Litvada ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı da inkişaf etmişdir. Belə ki, sözügüdən məhsullar 150-dən artıq ölkəyə ixrac edilir. Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub “Beynəlxalq yol nəqliyyatı Sazişi”, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu” və s. əhəmiyyətli sənədlər imzalanıb. Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvada rəsmi səfəri zamanı Azərbaycan-Litva biznes forumu keçirilib. Forum zamanı Azərbaycanın mühüm tərəfdaş, nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan inkişaf edən bir dövlət olduğu bildirilmişdir. İki ölkə arasında əməkdaşlığın artırılmasının böyük potensialı vardır. Azərbaycan neft və qaz ixracından başqa Xəzər dənizində də böyük külək enerjisi potensialı vardır.

Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzalanmışdır. Azərbaycan onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Bu göstəricilər minimal həddi təşkil edir, çünki potensial çoxdur. Mövcud yataqlardan daha çox qaz hasil edilir. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəkdir. Həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Yaşıl hidrogenin ixrac edilməsi planlaşdırılır ki, bunlar Avropa İttifaqı ilə əməkdaşlığın strateji çərçivəsinin bir hissəsidir. Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə Litvanın verdiyi daimi dəstək də yüksək qiymətləndirilir. İki ölkə arasında logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir. Daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən, kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək vacibdir.

Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurulması labüddür. Çünki Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilmişdir və Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur. Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir. Xarici borc çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyuta sabitdir. Bu, kifayət qədər böyük həcmdir.

Dövlət Neft Fondunda toplanan valyuta ehtiyatları və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı işğalın acı fəsadları barədə məlumat verərək bildirdi ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür. Ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. İkitərəfli görüş zamanı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalanmışdır.

Günəş Abbasova,
Xəzər rayonu, 256 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button