Laçının azad olunması tarixi qələbəmizin ən böyük parçası kimi qiymətləndirilə bilər
Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gərçək sahiblərinə qaytarıldı. 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi. Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçında da oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi – torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.
Ölkə başçısının tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilib. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Talış kəndinə artıq ilk 20 ailənin köçürülməsi həyata keçirilib. Prezidentin çıxışlarında da bildirmişdir ki, biz ordumuzun gücü hesabına Laçını əldə edə bilmişik və Laçının azad olunması tarixi qələbəmizin ən böyük parçası kimi qiymətləndirilə bilər. Hazırda Laçına investitorların cəlb edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi də verilən tapşırıqlar sırasında əsas üstünlük təşkil edilir. Bütün bu görülən tədbirlər böyük qayıdış siyasətin davamıdır, böyük qayıdış siyasətinin tərkib hissəsidir. Cənab Prezident İlham Əliyev bu siyasətin həyata keçməsinə şəxsən nəzarət edir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı