AnalitikaGündəmSiyasət

Laçında aparılan genişmiqyaslı quruculuq işləri

2020-ci ilin Vətən müharibəsində əldə olunan qələbədən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu prosesin əsas istiqamətlərindən biri də Laçın rayonudur. Strateji coğrafi mövqeyə malik Laçın bölgəsi hazırda həm infrastruktur baxımından, həm də sosial-iqtisadi baxımdan əsas inkişaf prioritetlərindən birinə çevrilmişdir.

Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Bu dövrdə rayonun maddi-mədəni irsi, infrastrukturu və təbii sərvətləri ciddi dağıntılara məruz qalmışdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da Azərbaycan Silahlı Qüvvələri Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərini nəzarətə götürdü. Bununla da Laçın şəhəri tam şəkildə Azərbaycan ordusunun nəzarətinə keçdi. Ardınca dövlət tərəfindən dərhal bərpa və abadlıq tədbirlərinə start verildi.

Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Laçında da bir sıra mühüm infrastruktur layihələri icra olunur. Laçın şəhərinə və ətraf kəndlərə yeni yol xətləri çəkilib. Ən önəmli layihələrdən biri olan Laçın şəhərinə yeni avtomobil yolu tamamilə yenidən qurulmuş, müasir standartlara cavab verən geniş hərəkət zolaqları və tunellər salınmışdır. Həmçinin “Zəfər yolu” kimi tanınan yol şəbəkəsi bölgənin təhlükəsiz və sürətli nəqliyyat əlaqəsini təmin edir.

Bölgənin inkişafında mühüm rol oynayacaq hava limanının cari ilin mayın 28-də açılışı olmuşdur. Bu hava limanı yalnız Laçın üçün deyil, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin beynəlxalq əlaqələrini gücləndirəcəkdir.

Rayon ərazisində elektrik və su təchizatı sistemi tamamilə yenilənmiş, müasir transformatorlar və su anbarları tikilmişdir. Fiber-optik internet xətləri çəkilərək, yüksək sürətli internet təminatı yaradılıb.

Laçın şəhərinin yenidən qurulması zamanı müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə məhəllələr inşa olunur. Yeni təhsil müəssisələri müasir tədris standartlarına uyğun tikilir. Artıq bir neçə məktəb və uşaq bağçası fəaliyyətə başlamışdır. Əhalinin tibbi ehtiyaclarını ödəmək məqsədilə rayon mərkəzində çoxprofilli xəstəxana istifadəyə verilmişdir. Mədəniyyət mərkəzləri, kitabxanalar və incəsənət studiyaları bölgədə sosial həyatın canlanmasına təkan verir.
Laçın rayonunun zəngin təbii ehtiyatları və münbit torpaqları kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. Əkinçilik və heyvandarlıq üçün yeni texnologiyaların tətbiq olunduğu aqroparklar qurulur. İşğal dövründə məhv edilən meşə sahələri bərpa edilir, yeni yaşıllıq zolaqları salınır. Təbii gözəlliklərə malik Laçında ekoturizmin inkişafı üçün xüsusi layihələr hazırlanır.

2023-cü ildən etibarən Laçın rayonuna keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı təmin edilir. Qayıdan ailələrə dövlət tərəfindən yaşayış evləri, məşğulluq imkanları və sosial təminatlar təqdim olunur. Bu proses “Böyük Qayıdış” strategiyasının əsas istiqamətlərindən biridir və bölgənin tam bərpasına doğru mühüm addım sayılır.

Laçında aparılan abadlıq-quruculuq işləri yalnız infrastrukturun deyil, həm də milli kimliyin və tarixi ədalətin bərpası deməkdir. Burada həyata keçirilən layihələr təkcə fiziki quruculuq deyil, eyni zamanda vətəndaşların rifahının, sosial həyatın və dövlət suverenliyinin möhkəmlənməsinə xidmət edir. Qarabağın bu gözəl guşəsi yaxın illərdə regionun inkişaf mərkəzlərindən birinə çevriləcək və Azərbaycanın dirçələn ürəyi kimi döyünəcəkdir.
Prezident İlham Əliyev bügünədək Laçın rayonuna 7 dəfə səfər edib və etdiyi səfərləri ilə bölgənin bərpasına və inkişafına xüsusi önəm verdiyini nümayiş etdirir. Dövlət başçısı azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işləri ilə yerində tanış olur, yeni infrastruktur layihələrinin açılışında iştirak edir. Laçına səfərləri zamanı dövlət başçımız həmçinin bölgə sakinləri ilə görüşərək onların qayğıları ilə maraqlanır və qayıdış prosesinə dair mühüm mesajlar verir. Bu səfərlər Laçının dirçəlişi və strateji əhəmiyyətinin bir daha vurğulanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button