
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü elan edilməsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu gün xalqımızın mübarizə ruhunu və milli qürurunu simvolizə edir.
Laçın həm tarixi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. 1992-ci ildən işğal altında olan bu ərazilərin geri qaytarılması, illərlə gözlənilən ədalətin bərpası demək idi. Yüksəkliklər, kommunikasiya xətləri və təbii sərvətlər baxımından Laçın Azərbaycanın təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir. İşğalçılar üçün bu şəhər həm logistik mərkəz, həm də Qarabağla Ermənistan arasındakı əlaqəni təmin edən strateji bir məkandır.
44 günlük Vətən müharibəsi Azərbaycan üçün dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan ordusu məğlubiyyətini tanıdı və Laçın rayonu 1 dekabr 2020-ci ildə döyüşsüz Azərbaycana qaytarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı işğalçıları geri çəkilməyə məcbur etdi.
2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürülərək Azərbaycanın sərhədləri bərpa olundu. 2023-cü ilin aprelində sərhəd-keçid məntəqəsinin açılması regionda qanuni idarəetməni gücləndirdi və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyümüzü möhkəmləndirdi.
“Laçın Beynəlxalq Hava Limanı” layihəsi isə regionun gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Uçuş-enmə zolağı və müasir terminal infrastrukturu ilə Laçın digər bölgələr və xarici ölkələrlə birbaşa əlaqə qurur, iqtisadi və turizm imkanlarını artırır.
Bərpa və quruculuq işləri çərçivəsində yüzlərlə sakin öz doğma torpaqlarına qayıdır. Müasir evlər, məktəblər, xəstəxanalar və digər sosial obyektlər onların rahat yaşamını təmin edir, milli kimliyin qorunmasına və tarixi yaddaşın bərpasına xidmət edir.
Beləliklə, Laçın həm milli qürurun, həm də dövlətin siyasi iradəsinin simvoluna çevrilmişdir. Laçın şəhəri günü isə azad edilmiş torpaqlarda qurulan yeni həyatın və xalqımızın gələcəyə inamının parlaq ifadəsidir.
Ülviyyə Abdullayeva,
Yeni Azərbaycan Partiyasının fəalı